Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında tətbiq etdiyi məcburi su fasilələrini 2030-cu ildə keçiriləcək mundialda da saxlamağı planlaşdırır. Azarkeşlər arasında birmənalı qarşılanmayan bu yenilik növbəti turnirdə də qüvvədə qala bilər.
DÇ-2026-da futbolçuların su içməsi üçün hər iki hissədə məcburi fasilələr nəzərdə tutulmuşdu. Görünür, FİFA bu təcrübədən imtina etməyə tələsmir.
2030-cu il dünya çempionatının televiziya yayım hüquqları ilə bağlı tender sənədlərində yer alan müddəalar qaydanın gələcəkdə də tətbiq olunacağı ehtimalını gücləndirir.
DÇ-2030-da su fasilələri zamanı reklam yayımlana bilər
Tender sənədlərində yayımçılara futbolçuların su qəbul etməsi üçün ayrılan fasilələr zamanı reklam yerləşdirmək imkanı verən bəndin olduğu bildirilir.
Bu detal 2030-cu ildə əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq dünya çempionatında da oyunların əlavə fasilələrlə dayandırıla biləcəyini göstərir.
Bununla belə, həmin müddəanın mövcudluğu qaydanın artıq rəsmən təsdiqləndiyi anlamına gəlmir. Fasilələrin növbəti mundialda məcburi olub-olmayacağı ilə bağlı yekun qərar hələ açıqlanmayıb.
Əlavə fasilələr yayımçılara böyük gəlir gətirib
2026-cı il dünya çempionatında hər hissənin ortasında üç dəqiqəlik su fasiləsi tətbiq edilmişdi. Qayda hava şəraitindən asılı olmayaraq turnirin bütün 104 qarşılaşmasında qüvvədə olub.
UEFA-nın yanaşması isə fərqlidir. Meydandakı temperatur 28 dərəcəyə çatdıqda oyun 90 saniyədən üç dəqiqəyədək dayandırıla bilər.
FİFA-nın tətbiq etdiyi məcburi fasilələr televiziya şirkətlərinə əlavə reklam imkanları yaradıb. ABŞ-nin Fox telekanalı DÇ-2026 zamanı reklamlardan ümumilikdə 835 milyon dollar gəlir əldə edib. Halbuki şirkətin turnirin yayım hüquqları üçün ödədiyi məbləğ 485 milyon dollar olub.
Bu kommersiya imkanlarının 2030-cu il mundialının yayım hüquqlarının dəyərinə də təsir göstərə biləcəyi gözlənilir.





