Usiklə döyüşə bilməyən Kəbəyel bütün çempionluq kəmərlərini istəyir

Ağır çəkidə WBC versiyası üzrə dünya çempionu Agit Kəbəyel qarşıdakı titul müdafiəsindən sonra digər çempionlarla döyüşmək və bütün əsas kəmərləri birləşdirmək niyyətindədir.

Almaniyalı boksçu noyabrın 28-də Düsseldorfda albaniyalı Nelson Hisa ilə qarşılaşacaq. Bu, onun WBC çempionu statusunda ilk titul müdafiəsi olacaq.

34 yaşlı boksçu daha böyük qarşılaşmalarda iştirak etmək istədiyini gizlətmir. Lakin onun sözlərinə görə, indiyədək digər çempionlarla döyüş təşkil etmək mümkün olmayıb.

“Mən böyük döyüşlər istəyirəm, amma digər çempionların heç biri ilə qarşılaşmaq mümkün olmadı. Bundan sonra isə titulları birləşdirmək niyyətindəyəm. Bu, mənim arzumdur və bütün kəmərləri istəyirəm”.

Kəbəyel istənilən rəqibə qarşı rinqə çıxmağa hazır olduğunu da vurğulayıb:

“Mən istənilən çağırışa və istənilən çempionla döyüşə hazıram”.

Daha əvvəl almaniyalı boksçu ukraynalı Oleksandr Usiki döyüşə çağırmışdı. Lakin Usik bu qarşılaşmaya maraq göstərməmişdi.

Kəbəyel peşəkar karyerasında keçirdiyi 27 döyüşün hamısında qalib gəlib, bunlardan 19-nu nokautla başa vurub. Onun növbəti rəqibi Hisa da məğlubiyyətsizdir və 25 qələbəsinin 23-nü nokautla qazanıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni