Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. 19 yaşlı idmançı ardıcıl üçüncü dəfə qitə birinciliyinin qalibi olaraq Azərbaycan boksunda yeni nailiyyətə imza atıb.
50 kq çəki dərəcəsində yarışan Nəzərov final qarşılaşmasında Türkiyə təmsilçisi Tevfik Akka ilə üz-üzə gəlib. Azərbaycanlı boksçu döyüşü inamla keçirərək hakimlərin yekdil qərarı ilə qalib olub.
Bilalhebashi Nezarov finalı qazandı
Həlledici görüşdə hakimlərin hamısı Azərbaycan təmsilçisinin üstünlüyünü qeydə alıb. Nəzərov 5:0 (29:28, 29:27, 30:25, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna sahib çıxıb.
Gənclər arasında ikiqat Avropa çempionu olan yeganə Azərbaycan boksçusu Nəzərov bununla titul sayını üçə çatdırıb.
O, 2024-cü ildə Poreçdə, 2025-ci ildə isə Çexiyanın Ostrava şəhərində keçirilən qitə birinciliklərində də qızıl medal qazanmışdı.
Azərbaycan millisinin medal sayı üçə yüksəldi
Bilalhəbaşi Nəzərovun qələbəsindən sonra Azərbaycan yığmasının turnirdə qazandığı medalların sayı üçə çatıb.
Daha əvvəl Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.
Xorvatiyada təşkil olunan yarışda 39 ölkədən 276 boksçu iştirak edir. Azərbaycan millisinin digər üzvü Nicat Alırzayev (70 kq) də noyabrın 24-də final döyüşünə çıxacaq.





