İsveçin mətbuatında sabah keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Elfsborq” və Azərbaycanın “Qarabağ” komandası arasında Buroşda baş tutacaq oyun barədə geniş müzakirələr aparılıb.
Aftonbladet qəzetinin yazdığına görə, “Qarabağ” evdə digər İsveç təmsilçisi “Malmö”yə (1:2) məğlub olsa da, sonra Norveçin “Bodö-Qlimt” komandasını səfərdə (2:1) məğlub edib. Həm “Elfsborq”, həm də “Qarabağ” hazırda qrupdan pley-offa çıxmaq şanslarını itirmiş vəziyyətdədir, lakin hər iki tərəf üçün xallar böyük əhəmiyyət kəsb edir.
Qeyd edilir ki, “Qarabağ”ın heyətində texnikalı oyunçular çoxdur. “Elfsborq”un alışmadığı tipdə futbolçular arasında Juninyo, Zubir və Bənziya xüsusi ilə vurğulanır. Bundan əlavə, Leandro Andrade də rəqib üçün çətinlik yarada biləcək hücumçular sırasında göstərilib.
“Elfsborq”un öz meydançasındakı oyunlarına toxunan məqalədə, komandanın “Roma”ya (1:0) qalib gəldiyi və “Braqa” ilə (1:1) heç-heçə etdiyi qeyd olunub. Lakin hər iki oyunda İsveç klubu, yaradılan qol vəziyyətlərinə görə daha çox xala layiq görülüb. Məqalədə qeyd olunur ki, Buxari, Baydu və ən əsası qapıçı İsak Petersson sabah qələbə üçün yenə öz bacarıqlarının zirvəsində oynamalıdır.