Azərbaycan Basketbol Liqasının 12-ci turunda keçirilən “Lənkəran” – “Sumqayıt” matçından (90:93) sonra komandaların baş məşqçiləri Georgi Kondruşeviç və Vadim Kuraşin oyunu dəyərləndiriblər. Bu barədə sport-az.com məlumat yayıb.
Vadim Kuraşin (“Sumqayıt” BK):
“Komandamı qələbə münasibətilə təbrik edirəm. Bu gün əsl komanda oyunu nümayiş etdirdik. Matç ərzində Səadəddin Donatı dörd faul etdiyi üçün ehtiyatda saxlamağa qərar verdik ki, onu son dəqiqələrdə istifadə edə bilək. Bu qərar özünü doğrultdu.
Oyun ərzində hər şeyin hamar getmədiyi məqamlar oldu. Xüsusən ötən oyunlarla müqayisədə dəqiqliyimiz azalmışdı. Bununla belə, bu gün bizi Zion Yanq xilas etdi. Son dəqiqələrdə lider keyfiyyətlərini nümayiş etdirərək qələbəni təmin etdi. Rəqib bizi yaxşı analiz etmişdi, bu səbəbdən səbət altına ötürmələrimiz effektiv alınmadı.
Bu qələbə ilə biz bu mövsüm ilk səfər qələbəmizi qazandıq. Ümid edirəm ki, bu, uğurlu bir seriyanın başlanğıcı olacaq.”
Georgi Kondruşeviç (“Lənkəran” BK):
“Matçın nəticəsinə təsir edən amillərə baxmayaraq, biz sona qədər mübarizə apardıq. Komandama bu əzmkarlığı üçün təşəkkür edirəm. Biz əlimizdən gələni etdik və “Lənkəran”da ilk qələbəni əldə etməyə çalışdıq.
Azarkeşlərimizə dəstək üçün təşəkkür edirəm. Onların varlığı bizim üçün çox önəmlidir.”