İyunun 21-də ilk dəfə Bakıda keçiriləcək “UFC Baku Fight Night” turniri öncəsi oktaqona çıxacaq döyüşçülərin rəsmi çəkiölçmə mərasimi keçirilib.
Sport-az.com-un məlumatına görə, tədbirdə ümumilikdə 24 döyüşçü iştirak edib və hər birinin çəkisi ölçülüb.
Sport-az.com-un istinadla verdiyi xəbərə görə, döyüşlər “Baku Crystal Hall”da baş tutacaq. Gecədə 12 qarşılaşma olacaq – altı döyüş əsas kartda, altısı isə ilkin kartda yer alır.
Turnirin əsas qarşılaşması UFC-nin keçmiş yarımağır çəki çempionu Camal Hill ilə bu çəki dərəcəsinin sabiq titul iddiaçısı Xəlil Rauntri arasında olacaq.
Ən çox gözlənilən ikinci döyüş isə Azərbaycanın tanınmış UFC döyüşçüsü Rafael Fiziyev ilə çilili İqnasio Baxamondes arasında baş tutacaq.
Bundan başqa, digər azərbaycanlı döyüşçülər də oktaqona çıxacaq:
- Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.
- Tofiq Musayev UFC-dəki debütünü qırğızıstanlı Mıktıbek Orolbaya qarşı edəcək.
İlkin döyüş kartı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu mərhələdə baş tutacaq döyüşlər:
- Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa)
- Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels)
- Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya)
- Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya)
- Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya)
- Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas döyüş kartı saat 23:00-da başlayacaq və aşağıdakı cütlüklər üzrə döyüşlər keçiriləcək:
- Yarımyüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya)
- Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya)
- Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya)
- Yüngül çəki: Tofiq Musayev (UFC debütü, Azərbaycan) – Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)
- Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili)
- Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xəlil Rauntri C. (14-6-0, ABŞ)
Qeyd: mötərizədə göstərilən rəqəmlər müvafiq olaraq döyüşçünün qələbə, heç-heçə və məğlubiyyət sayını göstərir.



