Azərbaycanın futzal çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib. Naxçıvan təmsilçisi V qrupunun II turunda Bosniya və Herseqovinanın “Buba Mara” klubuna 3:5 hesabı ilə məğlub olub.
Polşanın Qlivitse şəhərində yerləşən “PreZero Arena”da baş tutan qarşılaşma Azərbaycan çempionunun turnirdə ilk məğlubiyyəti ilə nəticələnib.
Bosniya və Herseqovina təmsilçisi ilə görüşdə “Araz-Naxçıvan”ın heyətində Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov fərqləniblər.
Növbəti rəqib Polşanın “Piast” klubu olacaq
“Araz-Naxçıvan” qrupdakı ilk qarşılaşmasında Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub etmişdi.
Naxçıvan təmsilçisi V qrupunda son oyununu oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı keçirəcək. Bu qarşılaşmanın nəticəsi Azərbaycan çempionunun turnirdəki gələcək mübarizəsi baxımından əhəmiyyətli olacaq.





