Madriddə forma geyinən Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının transfer hədəfinə çevrilib. Bu barədə tanınmış jurnalist Ben Ceykobz məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə Pro Liqası klublarından biri braziliyalı ulduz üçün tam 350 milyon avro ödəməyə hazırdır. Əgər bu transfer baş tutarsa, futbol tarixinin ən bahalı transferi olacaq. Hazırda bu rekord Neymarın 2017-ci ildə “Barselona”dan “PSJ”yə keçidi zamanı ödənilən 222 milyon avroya məxsusdur.
Vinisiusun gələcəyi sual altındadır
Braziliyalı futbolçunun hazırda “Real Madrid”lə müqaviləsi daha iki il qüvvədə olsa da, onun müqavilənin uzadılması ilə bağlı istəksizliyi “kral klubu”nu narahat edir. Mənbələrin bildirdiyinə görə, Vinisius klubla danışıqları uzadır və vəziyyət qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, Vinisius 2024/25 mövsümündə “Real”ın heyətində 58 matçda iştirak edib, 22 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt futbolçunun dəyərini 170 milyon avro olaraq qiymətləndirir.
Səudiyyə Ərəbistanı son illərdə Avropa ulduzlarını astronomik rəqəmlərlə öz sıralarına qataraq futbol bazarında yeni eraya imza atır. Vinisius transferi isə bu strategiyanın ən yüksək zirvəsi ola bilər.



