“Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Markus Reşford “Barselona”ya keçməyə yaxındır.
Bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, tərəflər prinsipial şifahi razılığa gəliblər. “Barselona” Reşford üçün yaxın günlərdə tibbi müayinəni planlaşdırır.
Keçid icarə əsasında baş tutacaq və satınalma opsiyası da daxil olacaq. Müqavilənin detalları açıqlanmasa da, artıq klublar arasında razılaşdırılıb.
Qeyd edək ki, Reşford “Mançester Yunayted”in əsas heyətindəki yerini qışda Ruben Amorimin baş məşqçi təyinatından sonra itirmişdi. Bundan sonra o, “Aston Villa”ya icarəyə verilmişdi və orada bütün turnirlərdə 17 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Futbolçunun “Mançester Yunayted”lə olan hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.



