ABŞ-ın 17 yaşadək futbolçulardan ibarət milli komandası Qətərdə təşkil ediləcək dünya çempionatında iştirak etməyəcək. Komandanın turnirdən kənarda qalması Yaxın Şərqdəki gərginlik və Qətərə səfərlə bağlı təhlükəsizlik narahatlığı ilə əlaqələndirilir.
USA Today-in məlumatına görə, qərar regionda vəziyyətin kəskinləşməsi, həmçinin Qətərin yaxınlığındakı dəniz ərazilərində gəmilərlə bağlı hadisələr fonunda verilib. ABŞ Dövlət Departamentinin hazırkı qiymətləndirməsində Qətər üzrə təhlükəsizlik səviyyəsi 3-cü dərəcədədir. Bu səviyyə ölkəyə səfər planlaşdıranlara silahlı münaqişə ehtimalını nəzərə alıb planlarını yenidən dəyərləndirməyi məsləhət görür.
Federasiya futbolçulara məktub göndərib
ABŞ Futbol Federasiyası qərarla əlaqədar futbolçulara məktub göndərib və orada iştirakdan imtinanın səbəbini təhlükəsizliklə əsaslandırıb.
Dohada noyabrın 19-dan dekabrın 13-dək
17 yaşadək komandaların dünya çempionatı noyabrın 19-u ilə dekabrın 13-ü arasında Dohada baş tutacaq. FIFA-nın qaydaları ona turnirdən imtina edən yığmanın yerinə başqa milli komandanı cəlb etməyə imkan verir.





