Kişilərdən ibarət Azərbaycan voleybol millisi bu gün Avropa Liqasının növbəti turunda meydana çıxacaq. Yığmamız turnirdəki üçüncü matçında Rumıniya seçməsi ilə üz-üzə gələcək.
Boris Qrebennikovun rəhbərlik etdiyi komanda ilk iki oyunda arzuladığı nəticəni əldə edə bilməyib. Azərbaycan voleybolçuları əvvəlcə Yunanıstana, daha sonra isə İsveç yığmasına eyni – 0:3 hesabı ilə məğlub olub. Buna görə də Rumıniya ilə qarşılaşma komanda üçün xüsusi əhəmiyyət daşıyır.
Miovenidə vacib qarşılaşma
Avropa Liqasının bu mərhələsinin oyunları Rumıniyanın Mioveni şəhərində keçirilir. Ev sahibi komanda qarşısında oynayacaq Azərbaycan millisi turnirdə ilk qələbəsini qazanmağa çalışacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Rumıniya yığması doğma azarkeşlər önündə üstünlüyə malik olsa da, Azərbaycan komandası xal qazanmaq üçün mübarizə aparacaq.
Millimizi qarşıdakı günlərdə də çətin sınaqlar gözləyir. Rumıniya ilə oyundan cəmi bir gün sonra yığmamız İspaniya seçməsi ilə qarşılaşacaq. Daha sonra isə qrup mərhələsində Macarıstan və Portuqaliya ilə görüşlər nəzərdə tutulub.
Azərbaycan millisinin növbəti oyun cədvəli:
- Rumıniya – 12 iyun
- İspaniya – 13 iyun
- Macarıstan – 19 iyun
- Portuqaliya – 21 iyun




