“Barselona”nın transfer siyahısında yer alan İspaniya millisinin mərkəz müdafiəçisi Eymerik Laportenin gələcəyi ətrafında yeni detallar ortaya çıxıb. Kataloniya klubu təcrübəli futbolçunu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab etsə də, bu keçidin reallaşması gözləniləndən daha çətin görünür.
32 yaşlı müdafiəçi “Barselona” üçün yalnız təcrübəsi ilə deyil, həm də Hansi Flikin müdafiə xəttinə əlavə sabitlik gətirə biləcək futbolçu kimi qiymətləndirilir. Xüsusilə İnyiqo Martinesin komandadan ayrılması ehtimalı fonunda Laporte əsas alternativlərdən biri hesab olunur. İspaniya millisində Pau Kubarsi ilə uğurlu tandem formalaşdırması da klub rəhbərliyinin diqqətindən yayınmayıb.
“Atletik” güzəştə getmək niyyətində deyil
Son günlər İspaniya mətbuatında Laportenin sərbəstqalma məbləğinin 12-15 milyon avro olduğu barədə xəbərlər yayılsa da, Bilbao klubu bu iddiaları təsdiqləmir. “Atletik”in nümayəndələri futbolçunun komandadan ayrılmasının gündəmdə olmadığını bildiriblər və “Barselona”nın transferi reallaşdırmaq istədiyi halda mediada göstərilən rəqəmdən xeyli yüksək məbləğ ödəməli olacağını vurğulayıblar. Klubun idman direktoru Mikel Qonsales də indiyədək “Barselona”dan rəsmi və ya qeyri-rəsmi müraciət almadıqlarını açıqlayıb.
Laportenin “Atletik”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir və Bilbao təmsilçisi onu komandanın əsas fiqurlarından biri hesab edir. Məhz buna görə də klub müdafiəçinin satışı ilə bağlı güzəştə getmək niyyətində deyil.
Flikin seçim qarşısında qala biləcəyi bildirilir
Hazırda Hansi Flikin sərəncamında Pau Kubarsi, Ronald Arauxo, Andreas Kristensen, Erik Qarsiya və Jerar Martin kimi mərkəz müdafiəçiləri var. Laportenin transferi baş tutacağı halda, müdafiəçilərdən birinin yay transfer pəncərəsində komandadan ayrılması ehtimalı artır.
Laporte ötən il 10 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan yenidən “Atletik”ə qayıdıb. O, daha əvvəl 2012-2018-ci illərdə Bilbao təmsilçisinin heyətində çıxış edib, daha sonra 65 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunmuşdu. Pep Qvardiolanın rəhbərliyi altında bir neçə mövsüm uğurla çıxış edən müdafiəçi 2023-cü ildə “Əl-Nəsr”ə keçmiş, daha sonra yenidən doğma klubuna qayıtmışdı.




