Cokoviç rekord yenilədi, Fonseka ilə duel rəsmiləşdi

Novak Cokoviç “Rolan Qarros-2026” turnirində növbəti mərhələyə yüksələrək daha bir tarixi nailiyyətə imza atıb. Serbiyalı tennisçi ikinci raundda fransalı Valentin Royeni məğlub edərək həm 1/16 finala vəsiqə qazanıb, həm də “Böyük Dəbilqə” turnirlərində yeni rekord müəyyənləşdirib.

Dünya reytinqinin 4-cü pilləsində qərarlaşan Cokoviç rəqibini 4 setlik oyunda üstələyib. Təxminən 3 saat 47 dəqiqə davam edən qarşılaşmada serbiyalı tennisçi ilk iki setdə üstün oyun nümayiş etdirsə də, üçüncü setdə tay-brekdə uduzub. Buna baxmayaraq, dördüncü hissədə üstünlüyü yenidən ələ alaraq matçı qələbə ilə başa vurub.

Rolan Qarros 2026 – 1/32 final:

Valentin Roye (Fransa) – Novak Cokoviç (Serbiya) – 3:6, 2:6, 7:6 (9:7), 3:6

Cokoviç Federer və Nadalı geridə qoydu

Bu görüş Novak Cokoviç üçün “Rolan Qarros” tarixində 120-ci matç olub. Bununla da o, bir “Böyük Dəbilqə” turnirində ən çox oyun keçirən tennisçi adına sahib çıxıb. Əvvəlki rekord Rocer Federerə məxsus idi. İsveçrəli əfsanə Uimbldonda 119, Australian Open-də isə 117 matç keçirmişdi. Rafael Nadal isə Parisdə 116 oyuna çıxmışdı.

Serbiyalı tennisçi ilk raundda Covanni Mpeşi Perrikarı da məğlub etmişdi. Həmin qarşılaşmada da bir set itirmişdi.

Fonseka möhtəşəm geridönüş etdi

Cokoviçin növbəti rəqibi braziliyalı Joau Fonseka olacaq. ATP reytinqində 30-cu sırada qərarlaşan gənc tennisçi ikinci raundda xorvatiyalı Dino Prijmiçə qarşı dramatik qələbə qazanıb.

Fonseka ilk iki seti uduzmasına baxmayaraq, sonrakı üç hissədə oyunun gedişini dəyişərək möhtəşəm kambek edib.

Rolan Qarros 2026 – 1/32 final:

Joau Fonseka (Braziliya) [28] – Dino Prijmiç (Xorvatiya) – 3:6, 4:6, 6:3, 6:1, 6:2

3 saat 30 dəqiqə davam edən görüş Fonsekanın karyerasındakı 50-ci qələbə ilə yadda qalıb. Beləliklə, “Rolan Qarros”un növbəti mərhələsində diqqətlər tamamilə Novak Cokoviçlə Joau Fonseka arasındakı qarşıdurmaya yönələcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni