Formula-1 üzrə ikiqat dünya çempionu Fernando Alonso 2027-ci ildə keçiriləcək məşhur Dakar ralli-reydində iştirak edəcəyini rəsmən təsdiqləyib. 45 yaşlı ispaniyalı pilot yarışa Formula-1-də də çıxış etdiyi “Aston Martin” komandasının heyətində qatılacaq.
Alonso dünyanın ən çətin avtomobil yarışlarından birində ikinci dəfə qüvvəsini sınayacaq. O, Dakar-2027-də xüsusi hazırlanmış Aston Martin Dreadnought avtomobilini idarə edəcək.
Britaniya komandasının heyətində onunla yanaşı, dünya ralli çempionatının (WRC) doqquzqat qalibi Sebastyen Löb və ralli-reyd üzrə dünya çempionu Lukas Moraes də çıxış edəcəklər.
Alonso yeddi ildən sonra Dakar rallisinə qayıdır
İspaniyalı sürücü ilk dəfə 2020-ci ildə Dakar rallisində iştirak edib. Həmin vaxt “Toyota Hilux” avtomobili ilə yarışan Alonso ümumi təsnifatda 13-cü yeri tutmuşdu.
2027-ci ildə də onun şturmanı motosiklet kateqoriyasında Dakarın beşqat qalibi Mark Koma olacaq. İkilinin 2020-ci ildə birlikdə yarışması onların növbəti sınaq üçün artıq müəyyən təcrübəyə malik olduğunu göstərir.
Alonso Dakar rallisinə qayıtmasına baxmayaraq, Formula-1-in əsas prioriteti olaraq qaldığını bildirib. İspaniyalı pilot hər iki yarış proqramını eyni ildə həyata keçirməyə hazırlaşır.
Dakar rallisinin 49-cu buraxılışı 2027-ci il yanvarın 9-dan 23-dək təşkil olunacaq. Yarış Portuqaliyada başlayacaq və Mərakeşin Mərakeş şəhərində başa çatacaq.
Marşrut ümumilikdə 12 mərhələdən ibarət olacaq. İştirakçılar 7 824 kilometr məsafə qət edəcəklər ki, bunun 4 341 kilometri xüsusi sürət mərhələlərinin payına düşəcək.
Dakar 2027. A first for @AMR_Official, with a familiar face in the line-up.@alo_oficial will join Sébastien Loeb and Lucas Moraes as they take on one of motorsport’s toughest challenges. We’ll be cheering them on!
— Aston Martin Aramco F1 Team (@AstonMartinF1) November 17, 2026
Find out more: https://t.co/TuwxBbfwKe pic.twitter.com/bJFbP4ewqG





