FIFA prezidenti Canni İnfantino Bakıya gəlib

FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edib. Onun Bakıya gəlişi əvvəlcədən ictimaiyyətə açıqlanmayıb. Səfərin əsas məqsədi oktyabrda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq prosesini yerində izləməkdir.

İnfantino Bakıda ilk olaraq Hövsan Yarış Kompleksinə baş çəkib. Burada turnirin əsas oyunlarının keçirilməsi üçün hazırlanan meydançalar və yaradılan infrastrukturla tanış olub. FIFA prezidentini baxış zamanı AFFA rəsmiləri müşayiət ediblər.

İnfantino Hövsandakı yeni meydançalara baxış keçirib

Hövsanda 12 hektarlıq ərazidə 10 süni örtüklü futbol meydançası hazırlanıb. Turnir zamanı onların hər biri iki hissəyə bölünəcək və kompleks eyni vaxtda 20 qarşılaşmanın keçirilməsinə imkan verəcək.

İnfantino qısa müddət ərzində görülən işlərlə və turnirə hazırlığın gedişi ilə tanış olub. FIFA prezidentinin Bakı səfəri çərçivəsində daha bir neçə görüş keçirməsi nəzərdə tutulur.

Azərbaycan ilk dəfə təşkil ediləcək FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edəcək. Yarışda 191 FIFA üzv assosiasiyası təmsil olunacaq, Bakıya futbolçular, məşqçilər və rəsmilər daxil olmaqla 3 mindən çox iştirakçının gəlməsi gözlənilir.

Turnir 8×8 formatında keçiriləcək və oyunların hər hissəsi 20 dəqiqə davam edəcək. Altı oyun günü ərzində Hövsan Yarış Kompleksində 1000-ə yaxın qarşılaşma nəzərdə tutulub. Final isə 30 oktyabrda Bakı Kristal Zalında keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni