Avropa Cüdo İttifaqı (EJU) Budapeştdə baş tutacaq dünya çempionatı ərəfəsində Azərbaycanın Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) haqqında geniş məqalə yayımlayıb.
Sport-az.com-in məlumatına görə, Hidayət Heydərov yüksək motivasiyasını qoruyub saxladığını vurğulayıb.
2024-cü il cüdoçunun karyerasında uğurlarla yadda qalıb. Paris Olimpiadasında qızıl medal qazanan Heydərov həm də dünya və Avropa çempionu titulunu əldə edib. O bildirib: “O, uğurlu bir il keçirir. 2024-cü ildə həm Paris Olimpiadasında qızıl medal qazandı, həm də dünya və Avropa çempionu oldu. Bu uğurlardan sonra ona bir qədər fasilə lazım idi.”
Azərbaycan millisinin baş məşqçisi Rixard Trautman isə Podqoritsada keçirilmiş Avropa çempionatından sonra bu fikirləri səsləndirib: “İki Olimpiya çempionumuzun həm uğurlarını qeyd etmək, həm federasiya qarşısında öhdəliklərini yerinə yetirmək, həm də özlərinə vaxt ayırmaq imkanları oldu. Fevraldan yenidən başladıq və açığı, hələ 100 faiz hazır deyilik, amma bu, problem deyil. Əsas odur ki, böyük medallar uğrunda mübarizə zamanı tam hazır olaq. Bu il dünya çempionatından yaxşı nəticə gözləyirəm, amma federasiya olaraq əsas hədəfimiz 2026-cı ildə Bakıda keçiriləcək dünya çempionatıdır”.
Heydərov sağlamlıq səbəbilə apreldəki Avropa çempionatında iştirak edə bilməyib. Buna baxmayaraq, o, Podqoritsaya yollanaraq həm EJU-nun “2024-cü ilin ən yaxşı cüdoçusu” mükafatını alıb, həm də komanda yoldaşlarını tribunadan dəstəkləyib: “Çəkimi saldım və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq çətin oldu, amma qarşıdakı çempionatlarda qalib gəlmək istəyirəm. Motivasiyam hələ də yüksəkdir. Bütün bu titulları artıq əldə etmişəm, amma statistikanı ikiqat artırmaq istəyirəm”.
Olimpiya çempionu statusu Heydərovun həyatını əhəmiyyətli dərəcədə dəyişib. O qeyd edir: “Çox şey dəyişib, amma ən vacibi – məşhur olmuşam, bir növ şan-şöhrət qazanmışam. Bu xoşdur, çünki yeni nəsil üçün yaxşı nümunə oluram”.
İndi o, ictimai yerlərdə — küçədə və restoranlarda — tez-tez avtoqraf və şəkil istəkləri ilə qarşılaşır. Lakin bu diqqət onu narahat etmir.
Heydərov tam şəkildə cüdoya fokuslanıb. “Instagram” hesabında isə belə yazıb: “Mənim üçün cüdo sadəcə idman deyil. O, həyat yolumdur və bu yolda geriyə baxış yoxdur – yalnız irəli“.
Olimpiya və dünya çempionu gündəlik məşqlərə qayıtmaqda çətinlik çəksə də, cüdoya olan sevgisi və bağlılığı hər şeydən üstün gəlir: “Digər idman növləri ilə müqayisədə cüdo ən parlaqıdır. Mən onu sevirəm, çünki biz bir ailə kimiyik. Hamımız bir-birimizə və hər birimizin mədəniyyətinə hörmət edirik”.
Hazırda Hidayət Heydərov Budapeştdə keçiriləcək dünya çempionatında 73 kq çəki dərəcəsində tatamiyə çıxmaq üçün intensiv hazırlıq prosesini davam etdirir.