Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan “Total Chess World Championship Tour Pilot 2026” turnirində növbəti görüşlərini keçirib. Təmsilçimiz dünya reytinqinin lideri Maqnus Karlsenlə iki partiyada heç-heçə edərək turnir cədvəlində norveçli rəqibini qabaqlayıb.
C qrupunun dördüncü turunda baş tutan qarşılaşmalarda Məmmədyarov ilk partiyanı qara, ikinci partiyanı isə ağ fiqurlarla oynayıb. Hər iki görüş bərabərliklə nəticələndiyindən şahmatçılar xalları bölüşüblər.
Turnirin qaydalarına əsasən, qələbə üç, heç-heçə isə bir xalla qiymətləndirilir. Beləliklə, Məmmədyarov və Karlsen dördüncü turda hərəyə iki xal əldə ediblər.
Məmmədyarov C qrupunda dördüncü pilləyə yüksəldi
Karlsenlə qarşılaşmalardan sonra Şəhriyar Məmmədyarovun xal ehtiyatı 9-a çatıb. Azərbaycanlı qrossmeyster bu nəticə ilə C qrupunda dördüncü sırada qərarlaşıb.
Dünya reytinqinin lideri Maqnus Karlsen isə 7 xalla beşinci pillədə yer alır.
Qrupun turnir cədvəlinə niderlandlı Aniş Giri başçılıq edir. Onun hesabında 13 xal var. Yan Nepomnyaşi və Hayk Martirosyan hərəyə 11 xalla müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşürlər.
Altı xal toplamış Abhimanyu Mişra isə altıncı pillədədir.
Məmmədyarov indiyədək qrup mərhələsində səkkiz partiya keçirib. Azərbaycan təmsilçisi bu görüşlərin birində qalib gəlib, altısında heç-heçə edib və birində məğlub olub.
Son turda rəqib qrup lideri Aniş Giri olacaq
Şəhriyar Məmmədyarov qrup mərhələsinin beşinci və sonuncu turunda niderlandlı qrossmeyster Aniş Giri ilə qarşılaşacaq.
Noyabrın 15-də keçiriləcək ilk partiya Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan şahmatçısı bu görüşdə ağ fiqurlarla mübarizə aparacaq.
İkinci partiyaya isə saat 21:30-da start veriləcək. Bu dəfə Məmmədyarov qara fiqurlarla oynayacaq.
Son turun nəticələri Azərbaycan təmsilçisinin qrup mərhələsində yekun mövqeyini müəyyənləşdirəcək. Hazırda liderdən dörd xal geri qalan Məmmədyarov üçün Giri ilə görüşlər xüsusi əhəmiyyət daşıyır.
Turnirin formatına əsasən, dörd qrupun hər birində birinci yeri tutan şahmatçı əsas çempionluq uğrunda pley-off mərhələsinə vəsiqə qazanacaq. Digər iştirakçılar isə qrupda əldə etdikləri mövqelərə uyğun təsnifat qarşılaşmalarında mübarizəni davam etdirəcəklər.
Pley-off mərhələsinin oyunları 17–20 noyabr tarixlərində təşkil olunacaq.





