Azərbaycan stolüstü tennisinin tarixi uğurlarından biri yenidən beynəlxalq diqqət mərkəzinə düşüb. Ginnesin Rekordlar Kitabının rəsmi “Instagram” səhifəsində Azərbaycan millisinin üzvü Nihad Məmmədovun dünya rekorduna imza atdığı anların görüntüləri yayımlanıb.
Rekord 2026-cı ilin aprelində Bakıda, “Şüa İdman Kompleksi”ndə qeydə alınıb. Məmmədov topu 18,20 metr məsafədən uğurla oyuna daxil edərək ən uzaq məsafədən stolüstü tennis servisi üzrə yeni dünya göstəricisinə nail olub.
Əvvəlki rekordu geridə qoydu
Rekord cəhdi Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələrinin, həmçinin beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti altında həyata keçirilib.
Nihad Məmmədovun nəticəsi bundan əvvəl türkiyəli Osman Gürcüyə məxsus olan 17,50 metrlik göstəricini üstələyib. Azərbaycan idmançısının nailiyyəti müvafiq prosedurlardan sonra Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmən təsdiqlənib. Azərbaycan Stolüstü Tennis Federasiyası təsdiq sənədinin may ayında alındığını açıqlamışdı.
Məmmədov daha əvvəl rekordun Azərbaycan stolüstü tennisinə marağın artmasına kömək edəcəyinə ümid etdiyini bildirib. O, gələcək hədəfinin nəticələrini inkişaf etdirmək, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etmək və gəncləri bu idman növünə həvəsləndirmək olduğunu vurğulayıb.



