Nizami İmranov Budapeşt “Böyük Dəbilqə”sində yarımfinala yüksəldi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin ilk yarış günündə nəticələri müəyyənləşib. Ən yaxşı nəticəyə 66 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov imza atıb.

Azərbaycan cüdoçusu mübarizəyə 1/16 finaldan başlayaraq Böyük Britaniya təmsilçisi Maykl Frayeri məğlub edib. İmranov növbəti mərhələdə Niderland idmançısı Yoxem Van Hartenlə qarşılaşıb və qızıl xal bölümündə ipponla qalib gələrək 1/4 finala yüksəlib.

İmranov medal uğrunda mübarizəni davam etdirir

Nizami İmranov 1/4 finalda meydan sahibi Macarıstanın təmsilçisi Bense Ponqratsla üz-üzə gəlib. Azərbaycanlı cüdoçu bu görüşdən də qalib ayrılaraq yarımfinala vəsiqə qazanıb.

Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev ilk görüşündə Beynəlxalq Cüdo Federasiyasının Qaçqınlar Komandasını təmsil edən Mohammad Xoşbini məğlub edib. O, 1/8 finalda monqolustanlı Byambasuren Ulziibayara uduzaraq turnirlə vidalaşıb.

60 kq-da Murad Muradlı əvvəlcə Ermənistan təmsilçisi Vahe Ağasyanı, daha sonra fransalı Maksim Merlini məğlub edib. 1/4 finalda isə Macarıstan cüdoçusu Marton Andrasi Muradlıdan üstün olub. Azərbaycan təmsilçisi mübarizəni təsəlliverici görüşdə davam etdirəcək.

Könül Əliyeva turniri yeddinci yerdə tamamladı

Qadınların 48 kq çəki dərəcəsində Könül Əliyeva Anqola təmsilçisi Mariya Sequnda və tunisli Umayma Bediui üzərində qələbələr qazanaraq 1/4 finala çıxıb.

Bu mərhələdə ABŞ təmsilçisi Mariya Seliya Labordeyə məğlub olan Əliyeva təsəlliverici görüşə yollanıb. Azərbaycanlı cüdoçu burada Niderland təmsilçisi Amber Gersjesə uduzaraq “Böyük Dəbilqə”ni yeddinci pillədə başa vurub.

60 kq-da çıxış edən digər təmsilçimiz Babarəhim Mirzəyev isə ilk görüşündə qazaxıstanlı Nuradil Aljana məğlub olaraq mübarizəni dayandırıb.

Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirinə sentyabrın 13-də yekun vurulacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni