UFC 329 turnirindən sonra ESPN tərəfindən açıqlanan yenilənmiş reytinqdə ən diqqətçəkən dəyişikliklərdən biri yüngül çəkidə çıxış edən Peddi Pimblettin yüksəlişi olub. İngiltərəli döyüşçü Las-Veqasda keçirilən turnirin ikinci əsas qarşılaşmasında fransalı Benua Sen-Denini cəmi 52 saniyəyə boğucu fəndlə məğlub edərək UFC karyerasında dördüncü dəfə rəqibini təslim olmağa məcbur edib. Bu qələbə onun həm azarkeşlər, həm də ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinə səbəb olub.
Qələbədən sonra ESPN-in yüngül çəki reytinqində Pimblett 10-cu pillədən 7-ci yerə yüksəlib. Bundan əvvəl bu mövqedə qərarlaşan Benua Sen-Deni isə bir pillə geriləyərək 8-ci sıraya enib. Beləliklə, britaniyalı döyüşçü ilk dəfə olaraq ESPN-in yüngül çəki üzrə ilk yeddiliyinə daxil olmağı bacarıb.
Titul yarışına bir addım da yaxınlaşdı
Pimblettin Sen-Deni üzərində inamlı qələbəsi onun yüngül çəki dərəcəsində ən təhlükəli iddiaçılardan biri olduğunu bir daha nümayiş etdirdi. Döyüşün cəmi 52 saniyə davam etməsi və parlaq sabmişn qələbəsi britaniyalının növbəti rəqibinin artıq divizionun elit döyüşçülərindən biri ola biləcəyi ilə bağlı müzakirələri gücləndirib.
Qeyd edək ki, ESPN reytinqində əldə olunan yüksəlişdən əlavə, Peddi Pimblett UFC-nin rəsmi yüngül çəki reytinqində də mövqeyini yaxşılaşdıraraq titul uğrunda mübarizəyə daha da yaxınlaşıb. Hazırda onun növbəti döyüşünün divizionun ilk beşliyində qərarlaşan rəqiblərdən birinə qarşı keçirilməsi ehtimalı yüksək qiymətləndirilir.




