Fransanın ən nüfuzlu tennis turnirlərindən biri olan Roland Garros çərçivəsində bu il qeyri-adi və emosional bir tədbir təşkil olunacaq. Turnirin təşkilatçıları fransalı tennisçi Gaël Monfils üçün xüsusi vida gecəsi planlaşdırıblar.
“Gael & Friends” adlanan bu tədbir mayın 21-də, turnirin açılış həftəsində, əsas kort – Filip Şatrye arenasında keçiriləcək. Bu gecə Monfisin Roland Qarrosdakı son çıxışına həsr olunacaq.
“Bu mənim son Roland Qarrosumdur”
39 yaşlı tennisçi sosial şəbəkələrdə paylaşdığı videoda bu turnirin onun üçün xüsusi olduğunu açıq şəkildə etiraf edib:
“Roland Qarros… mənim son Roland Qarrosum. Bunu yazmaq qəribədir, amma bu reallıqdır. Mən bu anı sakit keçirmək istəmədim, əksinə, öz üslubumda qeyd etmək qərarına gəldim”, – deyə Monfis bildirib.
O qeyd edib ki, bu gecəyə yalnız yaxın dostlarını – birlikdə kortu bölüşdüyü tennisçiləri və sevdiyi musiqiçiləri dəvət edib. Tədbirdə məşhur ifaçılar, o cümlədən Matt Pokora, Martin Solveig və Franglish iştirak edəcək. Tennisçi vurğulayıb ki, onun üçün tennis və musiqi ayrılmaz anlayışlardır.
Monfis azarkeşlərə müraciət edərək əlavə edib:
“Bu, sadəcə tədbir deyil. Bu, birlikdə yaşayacağımız xüsusi bir an olacaq. Mən həmişə sizdən sevgi almışam və həmin hissi geri qaytarmaq istəyirəm”.
Karyeranın son akkordu
Bu tədbir fransalı tennisçinin Roland Qarrosdakı “son rəqsi” kimi qiymətləndirilir. Hazırda ATP reytinqində 200-cü pillədə qərarlaşan Monfis əsas iştirakçılar siyahısında yer almasa da, onun turnirə xüsusi dəvət – wild card ilə qatılacağı gözlənilir.
Fransa Açıq çempionatı bu il 18 may – 7 iyun tarixləri arasında keçiriləcək. Monfisin təşkil etdiyi bu tədbir isə həm idman, həm də şou elementlərini birləşdirərək turnirin ən yaddaqalan anlarından birinə çevrilə bilər.



