Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışdadır

Bakıda keçiriləcək üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun ilk mərhələsinə biletlərin satışı başlayıb. Yarış oktyabrın 1-dən 3-dək Su İdmanı Sarayında təşkil olunacaq.

“Bakı 2026” Dünya Kubokunun builki üçmərhələli seriyasının açılış yarışı olacaq. Eyni zamanda, Azərbaycan tarixində ilk dəfə World Aquatics yarışına ev sahibliyi edəcək. Bakıdan sonra turnir oktyabrın 8-10-da Daşkənddə, 15-17-də isə Astanada davam edəcək.

Bakı mərhələsində yarışlar 25 metrlik hovuzda keçiriləcək. Proqrama sərbəst üsul, brass, batterflay və arxasıüstə üzgüçülük üzrə müxtəlif məsafələr daxildir. Azarkeşlər Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi dünya üzgüçülüyünün tanınmış simalarının çıxışlarını canlı izləyə biləcəklər.

Biletlərin qiyməti 5 manatdan başlayır

Yarışın hər üç günü üçün biletlər artıq satışa çıxarılıb. Oktyabrın 1, 2 və 3-də sessiyaların saat 09:30-da başlaması nəzərdə tutulur. Biletlərin qiyməti 5 manatdan başlayır, satışda 5 və 10 manatlıq seçimlər mövcuddur. Tədbir üçün yaş məhdudiyyəti 6+ olaraq göstərilib.

Azarkeşlər biletləri elektron QR formatında və ya kağız şəklində əldə edə bilərlər. Kağız biletlər şəhərdəki satış kassalarında təqdim olunur. Elektron biletlərin QR kodları isə müvafiq yarış günü aktivləşdiriləcək. QR biletdən istifadə üçün iTicket.az mobil tətbiqində şəxsi hesaba daxil olmaq lazımdır.

Bakı “İpək Yolu” seriyasının ilk dayanacağıdır

Su İdmanı Sarayı daha əvvəl 2015-ci il Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il Avropa Gənclər Yay Olimpiya Festivalı kimi böyük beynəlxalq yarışlara ev sahibliyi edib.

2026-cı il Dünya Kubokunun bütün üç mərhələsi üzrə ümumi mükafat fondu 1,2 milyon ABŞ dolları təşkil edəcək. Seriyada 50-dən çox ölkədən 750-dən artıq idmançının iştirakı nəzərdə tutulur. Dünya rekordu müəyyənləşdirən və “Crown” mükafatını qazanan üzgüçülər üçün əlavə 10 min dollarlıq bonuslar da nəzərdə tutulub.

Bakı, Daşkənd və Astananı birləşdirən üçhəftəlik seriya dekabrda Pekində keçiriləcək qısa məsafəli üzgüçülük üzrə dünya çempionatı ərəfəsində mühüm yarışlardan biri olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni