İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali Millətlər Liqasının 3-cü turunda Belçikaya qarşı evdə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunu dəyərləndirib.
Sport-az.com xəbər verir ki, “Sky Sport Italia” Tonalinin açıqlamalarını belə çatdırıb:
“Yaxşı matç idi. Qırmızı vərəqə futbolun bir parçasıdır və bunu qəbul etmək lazımdır. Say azlığında oynamaq asan deyil, xüsusilə də bu qədər güclü komandaya qarşı. Pelleqrinin qırmızı vərəqəsi hər şeyi dəyişdi. Hakimin əlini cibinə atmasından sonra rəqib dərhal fərqi azaltdı və bu vəziyyətdə oyunun nəbzini tutmaq çox çətin oldu.
İlk 40 dəqiqə əslində çox yaxşı keçdi, sanki şənlik idi, lakin qırmızı vərəqədən sonra şənlik əzaba çevrildi. Hər halda, son ildə edə bilmədiyimizi bu oyunda qırmızı vərəqəyə qədər göstərdik. Əsas olan odur ki, biz komanda olduğumuzu sübut etdik.”