Azərbaycan şahmat millisinin lideri Şəhriyar Məmmədyarov 2025-ci ildə keçiriləcək Azərbaycan çempionatında iştirak edəcəyini təsdiqləyib.
Sport-az.com xəbər verir ki, 39 yaşlı qrossmeyster bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, gələn il keçiriləcək çempionatda ölkənin bütün aparıcı şahmatçılarının iştirak edəcəyinə ümid etdiyini bildirib:
“2025-ci ildə keçiriləcək Azərbaycan çempionatı üçün müqavilə imzaladım və turnirdə oynayacağımı təsdiqlədim. Ölkə şahmatını dəstəklədiyi üçün Azərbaycan Şahmat Federasiyası və onun rəhbəri Mahir Məmmədova təşəkkür edirəm. Ümid edirəm ki, ölkə çempionatına dəstək ildən-ilə artacaq. Bu ilin əvvəlindən söz vermişdim ki, ölkə çempionatında oynayacağam və 2025-ci ildə keçiriləcək turniri həyəcanla gözləyirəm. Gənc və aparıcı şahmatçılarımızla oynamaq üçün səbirsizlənirəm.”
Qeyd edək ki, 2025-ci ildə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.