2026-cı ilin iyun ayında Azərbaycan cüdo dünyasının mərkəzinə çevriləcək və cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
Sport-az.com xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında bu mötəbər tədbirin Bakıda keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, bu Dünya Çempionatı, 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışlarına start verəcək. Bu yarış, yeni Olimpiya dövründə cüdo dünyası üçün xüsusi əhəmiyyət daşıyır və dünyanın ən güclü idmançıları Bakıda mübarizə aparacaqlar.
Azərbaycan daha əvvəl, 2018-ci ildə cüdo üzrə Dünya Çempionatına uğurla ev sahibliyi edib. Beynəlxalq Cüdo Federasiyası tərəfindən yayımlanan məqalədə Bakının bu tədbirə ev sahibliyinin əhəmiyyəti vurğulanır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davamlı dəstəyi nəticəsində Azərbaycanın cüdo sahəsində güclü oyunçuya çevrildiyi qeyd olunur. Məqalədə həmçinin, Hidayət Heydərov və Zelim Kotsoyevin Paris 2024 Olimpiya Oyunlarında qazandıqları qızıl medallar xüsusi olaraq vurğulanır.
Azərbaycan Cüdo Federasiyası, dünya səviyyəli infrastruktur və coşğulu azarkeş kütləsi ilə idmançıları və cüdo həvəskarlarını 2026-cı il Dünya Çempionatında qarşılamağı səbirsizliklə gözləyir.