Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı bu gün start götürür. Turnir iştirakçı sayı və heyətin gücü baxımından sürətli şahmat üzrə ən irimiqyaslı yarışlardan biri kimi tarixə düşəcək.
Ulduzlarla zəngin iştirakçı siyahısı
Qətər Şahmat Federasiyasının prezidenti Məhəmməd əl-Modahka brifinqdə bildirib ki, mundialda ümumilikdə 400-ə yaxın kişi və qadın şahmatçı lövhə arxasına əyləşəcək. Onların sırasında:
- Nyu-Yorkda blits üzrə dünya çempionu olmuş Maqnus Karlsen
- Rapid üzrə dünya çempionu və 2024-cü il İddiaçılar turnirinin qalibi Dommaracu Qukeş
- 2024-cü ilin blits üzrə dünya çempionu Yan Nepomnyaşşiy
- Fabiano Karuana, Nadirbek Abdusattarov, Yağız Kaan Ərdoğmuş, Ediz Gürel, Vasili İvançuk kimi elit qrossmeysterlər
- Qadınlar arasında sabiq dünya çempionu, 2507 reytinqlə dünya siyahısında ikinci yerdə qərarlaşan Tan Çjunyi, reytinqdə 5-ci olan Bibisara Usubayeva və digər tanınmış şahmatçılar yer alır.
FIDE-nin məlumatına görə, yarış həm açıq, həm də qadınlar arasında rapid və blits üzrə dörd dünya titulunu müəyyənləşdirəcək, oyunlar Qətər Universitetinin İdman və Tədbirlər Kompleksində keçiriləcək.
Azərbaycan millisi Dohada 14 şahmatçı ilə
Beynəlxalq Şahmat Federasiyasının rəsmi məlumatına əsasən, Azərbaycan bu dəfə dünya çempionatında rekord heyətlə – 14 şahmatçı ilə təmsil olunacaq. Açıq kateqoriyada aşağıdakı qrossmeysterlər mübarizə aparacaq:
- Şəhriyar Məmmədyarov
- Teymur Rəcəbov
- Eltac Səfərli
- Rauf Məmmədov
- Nicat Abasov
- Məhəmməd Muradlı
- Aydın Süleymanlı
Qadınlar arasında isə:
- Günay Məmmədzadə
- Gülnar Məmmədova
- Xanım Balacayeva
- Gövhər Beydullayeva
- Ülviyyə Fətəliyeva
- Zeynəb və Türkan Məmmədyarova bacıları lövhə arxasına çıxacaqlar.
Çempionat dekabrın 30-da başa çatacaq. Yenilənmiş format və yüksək mükafat fondu səbəbindən bu ilki turnirə marağın əvvəlki illərlə müqayisədə xeyli artdığı qeyd olunur. Turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur, bu məbləğ rapid və blits üzrə açıq və qadınlar yarışları arasında bölüşdürüləcək.



