Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ay baş verən əlamətdar hadisələrdən danışıb. Sport-az.com xəbər verir ki, EG-nin saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında Qayıbov oktyabr ayı ilə bağlı fikirlərini bölüşüb və bir sıra vacib məsələlərə toxunub.
Fərid Qayıbov Bakıda təşkil olunan TeamGym üzrə Avropa çempionatı ilə bağlı məmnunluğunu ifadə edib:
“İl də, oktyabr da çox gərgin keçdi. Bakıda təşkil olunan “TeamGym” üzrə Avropa çempionatı da buna uyğun alındı. Biz “TeamGym”də idmançıların sayının və səviyyəsinin hər il artmasının şahidi oluruq. Yarışın möhtəşəm ab-havasına töhfə verən çox sayda xarici azarkeşləri və tamaşaçıları tribunalarda görmək məni çox sevindirdi. Onlar, harada keçirilməsindən asılı olmayaraq, hər “TeamGym” yarışına gələn sadiq azarkeşlərdir. Onların iştirakı bütün yarışlarımızda təsirli mənzərə yaradır.”
EG prezidenti bu gimnastika növünün təbliği məqsədilə Avropa çempionatına digər qitələrdən də federasiyaların dəvət olunduğunu vurğulayıb.
“Əminəm ki, “TeamGym”in populyarlığı artacaq və bu növlə maraqlanan ölkələrin sayı böyüyəcək. Bu yarışın gözəl təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasına və “TeamGym” Texniki Komitəsinə təşəkkürümü bildirirəm”.
Fərid Qayıbov həmçinin Beynəlxalq Gimnastika Federasiyasının Dohada keçirilən konqresi haqqında fikirlərini bildirib. O, burada müxtəlif hesabatları dinlədikdən sonra Konqresin seçki hissəsinə keçildiyini qeyd edib. Qayıbov İcraiyyə Komitəsinin, Şuranın və Texniki Komitələrin yeni üzvlərinə qarşıdakı 4 il ərzində uğurlar arzulayıb:
“Bütün hesabatları dinlədikdən sonra Konqresin seçki hissəsinə keçdik. İcraiyyə Komitəsinin və Şuranın yeni seçilmiş üzvlərini, Texniki Komitələrin sədrlərini və üzvlərini təbrik edir, onlara qarşıdakı 4 il ərzində idmanımız üçün görəcəkləri bütün işlərdə uğurlar arzulayıram”.
O, Olimpiya ilinin noyabrda başa çatmasına da toxunub və növbəti il üçün hazırlıqların əhəmiyyətini vurğulayıb:
“Bizi ilin sonuna aparacaq növbəti aylar heç bir böyük hadisə ilə yadda qalmayacaq və gərgin bir ildən sonra bizə fasilə etmək imkanı verəcək. Bu, federasiyalara, idmançılara və məşqçilərə növbəti mövsümə hazırlaşmaq və yeni olimpiya dövrü üçün öz yeni proqramları üzərində işləmək, həmçinin yeniyetmələrdən ibarət komandaların ümumi inkişafı və böyüklərə keçidi üzərində çalışmaq imkanı verəcək”.



