Fransa millisinin və Madrid Realının hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının ən məhsuldar futbolçusu olub. 27 yaşlı forvard turnirdə vurduğu 10 qolla Qızıl Buts mükafatını qazanaraq mundialın bombardiri adına layiq görülüb.
Mbappe bununla daha bir tarixi nailiyyətə imza atıb. O, 2022-ci il dünya çempionatında da 8 qolla bombardir olmuşdu və beləliklə, dünya çempionatları tarixində iki dəfə ən məhsuldar futbolçu olan ilk oyunçu kimi rekord müəyyənləşdirib.
Fransız hücumçu bombardirlər yarışında ən yaxın izləyicilərini də geridə qoyub. Argentina millisinin kapitanı Lionel Messi 8 qolla ikinci yeri tutub. Üçüncü pilləni isə hərəyə 7 qol vuran Cud Bellinqem və Erlinq Holand bölüşüblər. Sonrakı yerlərdə hərəyə 6 dəfə fərqlənən Usman Dembele və Harri Keyn qərarlaşıblar.
Maraqlıdır ki, Mbappenin fərdi uğuruna baxmayaraq, Fransa millisi nə 2022-ci, nə də 2026-cı il dünya çempionatında çempion ola bilməyib.
Dünya çempionatlarının bombardirləri
- 2026: Kilian Mbappe (Fransa) – 10
- 2022: Kilian Mbappe (Fransa) – 8
- 2018: Harri Keyn (İngiltərə) – 6
- 2014: Xames Rodriges (Kolumbiya) – 6
- 2010: Tomas Müller (Almaniya), David Vilya (İspaniya), Uesli Sneyder (Niderland), Dieqo Forlan (Uruqvay) – hərəsi 5
- 2006: Miroslav Kloze (Almaniya) – 5
- 2002: Ronaldo (Braziliya) – 8
- 1998: Davor Şuker (Xorvatiya) – 6
- 1994: Xristo Stoiçkov (Bolqarıstan), Oleq Salenko (Rusiya) – hərəsi 6
- 1990: Salvatore Skillaçi (İtaliya) – 6
- 1986: Harri Lineker (İngiltərə) – 6
- 1982: Paolo Rossi (İtaliya) – 6
- 1978: Mario Kempes (Argentina) – 6
- 1974: Qjeqoj Lyato (Polşa) – 7
- 1970: Gerd Müller (AFR) – 10
- 1966: Eyzebio (Portuqaliya) – 9
- 1962: Qarrinşa (Braziliya), Vava (Braziliya), Leonel Sançes (Çili), Florian Albert (Macarıstan), Valentin İvanov (SSRİ), Drajan Yerkoviç (Yuqoslaviya) – hərəsi 4
- 1958: Jüst Fonten (Fransa) – 13
- 1954: Şandor Koçiş (Macarıstan) – 11
- 1950: Ademir (Braziliya) – 9
- 1938: Leonidas (Braziliya) – 7
- 1934: Oldrjix Neyedli (Çexoslovakiya) – 5
- 1930: Gilyermo Stabile (Argentina) – 8




