Mourinyo Kamavinqaya yeni klub tapmağı tövsiyə edib

Madrid “Real”ında Eduardo Kamavinqanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Məlumata görə, komandanın baş məşqçisi Joze Mourinyo fransalı yarımmüdafiəçi ilə fərdi görüş keçirərək yeni mövsümdə əsas heyətdə müntəzəm oynamaq şansının az olduğunu bildirib. Bu səbəbdən futbolçuya karyerasını başqa klubda davam etdirməsinin məqsədəuyğun ola biləcəyi çatdırılıb.

Kamavinqa isə hələlik Madridi tərk etmək niyyətində deyil. O, mövsümöncəsi hazırlıq dövründə özünü sübut edərək Mourinyonun etimadını qazanmağa ümid edir və “Real”da qalmaq istəyini qoruyur.

“Real” mümkün transfer variantlarını nəzərdən keçirir

İspaniya mətbuatının yazdığına görə, klub rəhbərliyi yay transfer pəncərəsində yarımmüdafiədə dəyişikliklər etməyi planlaşdırır. Mourinyonun oyun sisteminə daha uyğun futbolçunun transferi gündəmdə olduğundan, Kamavinqanın satışı variantı da nəzərdən keçirilir. Bununla belə, son qərarın futbolçunun mövsümöncəsi hazırlıqda göstərəcəyi performansdan asılı olacağı bildirilir.

23 yaşlı fransalı 2021-ci ilin yayında “Renn”dən “Real”a transfer olunub və hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Kamavinqanın bazar dəyəri təxminən 50 milyon avro təşkil edir. Futbolçu həm mərkəz yarımmüdafiəsində, həm də sol cinah müdafiəsində çıxış edə bilməsi ilə seçilir.

Hazırda “Real” rəhbərliyi oyunçuya gələcək təklifləri qiymətləndirməyə hazır olsa da, Kamavinqa karyerasını məhz Madrid klubunda davam etdirmək istəyir və yeni mövsümdə heyətdəki yerini qorumaq üçün mübarizə aparmağa hazırdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni