Valentin Vaşero Bazeldə çempion oldu: karyerasının ikinci titulunu qazandı

Monakolu tennisçi Valentin Vaşero İsveçrənin Bazel şəhərində keçirilən ATP 500 kateqoriyalı “Swiss Indoors” turnirinin qalibi olub. Dünya reytinqində 31-ci pillədə qərarlaşan 27 yaşlı tennisçi finalda ATP sıralamasının 21-ci raketkası, çexiyalı İrji Lexeçkanı məğlub edib.

Vaşero həlledici görüşə uğursuz başlayaraq ilk seti 2:6 hesabı ilə uduzub. Lakin sonrakı iki setdə oyunun gedişini dəyişən monakolu tennisçi hər iki hissəni 6:3 hesabı ilə qazanaraq çempionluğa çatıb. Qarşılaşma 1 saat 54 dəqiqə davam edib.

Bu, Vaşero ilə Lexeçka arasında üçüncü qarşılaşma olub. Monako təmsilçisi şəxsi duellərdə ikinci qələbəsini əldə edib.

Vaşero ikinci ATP titulunu qazandı

Bazel uğuru Vaşeronun peşəkar karyerasında ikinci ATP titulu olub. O, ilk böyük uğurunu 2025-ci ildə Şanxay “Masters”ində əldə etmişdi. Həmin vaxt dünya reytinqində 204-cü olan Vaşero turnirə təsnifat mərhələsindən başlayaraq sensasiyalı çempionluq yaşamışdı.

Monakolu tennisçi Bazeldə titul yolunda Mariano Navone, Rafael Xodar, Holger Rune və Teylor Fritsi məğlub edib. Finalda isə səkkizinci nömrə altında mübarizə aparan Lexeçkaya qalib gəlib.

Vaşero bununla həm də ATP 500 səviyyəsində ilk tituluna sahib çıxıb. O, Bazel turnirinin tarixində çempion olan ilk monakolu tennisçi kimi tarixə düşüb. Vaşero ATP səviyyəsində keçirdiyi iki finalın hər ikisini qələbə ilə başa vurub.

Finalda geridönüş həlledici oldu

Lexeçka ilk setdə rəqibinin servisini üç dəfə qıraraq böyük üstünlük əldə etsə də, Vaşero ikinci setdən etibarən oyununu sabitləşdirib. Monakolu tennisçi son iki setdə üzləşdiyi bütün beş breyk xalını dəf edib və həlledici məqamlarda üstünlüyünü qoruyub.

Qələbədən sonra Vaşero dünya reytinqində 31-ci pillədən 27-ci yerə yüksələcək. Finalçı Lexeçka isə altı pillə irəliləyərək 15-ci sıraya qalxacaq.

ATP 500 Bazel. Hard örtük, final

İrji Lexeçka [8] — Valentin Vaşero 6:2, 3:6, 3:6

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni