Azərbaycanda futbolun inkişafına yeni təkan verəcək beynəlxalq turnir

Azərbaycan son illərdə nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edən ölkələrdən birinə çevrilib. Bu il isə ölkəmiz daha bir mühüm futbol hadisəsinə hazırlaşır. Söhbət FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-dan gedir. İlk dəfə təşkil olunacaq bu yarışın Azərbaycanda keçirilməsi həm gənc futbolçuların inkişafı, həm də ölkədə futbolun daha da populyarlaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu mötəbər tədbirin keçirilməsi yeniyetmələr arasında futbola marağın artırılmasına, sağlam həyat tərzinin təbliğinə və Azərbaycanın beynəlxalq idman aləmində qazandığı nüfuzun daha da möhkəmlənməsinə xidmət edəcək.

Futbola maraq ildən-ilə artır

Son illərdə Azərbaycan futbolunda əldə olunan uğurlar, xüsusilə “Qarabağ” klubunun Avropa kuboklarındakı çıxışları uşaqlar və yeniyetmələr arasında futbola marağın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bununla yanaşı, ölkənin beynəlxalq yarışlara ev sahibliyi etməsi də bu marağın davamlı şəkildə yüksəlməsində mühüm rol oynayır.

Azərbaycan son on ildən artıq müddətdə yalnız böyüklər arasında deyil, müxtəlif yaş qrupları üzrə də bir sıra nüfuzlu futbol turnirlərini qəbul edib. Bunlara FIFA U-17 qadınlararası dünya çempionatı, UEFA-nın U-17, U-19 və U-21 yaş qrupları üzrə Avropa çempionatlarının seçmə mərhələ oyunları, eləcə də U-17 Avropa çempionatının final mərhələsi daxildir.

Ölkəmizin beynəlxalq futbol təqvimində rolu gələcək illərdə də artacaq. Belə ki, Azərbaycan 2027-ci ildə Özbəkistanla birlikdə FIFA U-20 Dünya Çempionatına da ev sahibliyi edəcək.

FIFA-nın yeni layihəsi Azərbaycanda başlayır

FIFA U-15 Dünya Çempionatı və Festivalı ali futbol qurumu tərəfindən 2025-ci ilin dekabrında təsis edilib. FIFA Şurası Bürosunun qərarına əsasən, tarixdə ilk dəfə keçiriləcək turnir və festival 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda təşkil olunacaq.

Yarışda FIFA-ya üzv milli assosiasiyaların 15 yaşadək futbolçulardan ibarət komandalarının iştirakı nəzərdə tutulur. Turnirdə iştirak edəcək komandaların yekun sayı hələlik açıqlanmasa da, yarışın dünya futbolunda yeni ənənənin əsasını qoyacağı gözlənilir.

FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən stadionları və iri idman tədbirlərinin təşkilində topladığı zəngin təcrübəni əsas amillərdən biri kimi qiymətləndirib. Bu seçim ölkəmizin dünya futbolunda etibarlı təşkilatçı kimi formalaşdığını bir daha təsdiqləyir.

Dövlət dəstəyi və təşkilati hazırlıq

Prezident İlham Əliyev artıq 2026-cı ildə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sənədə əsasən, yarışın yüksək səviyyədə təşkil olunması üçün əlaqələndirmə işləri 2027-ci ildə Azərbaycanda keçiriləcək FIFA U-20 Dünya Çempionatı ilə bağlı yaradılmış Təşkilat Komitəsinə həvalə olunub.

Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn bütün təşkilati məsələlərin operativ şəkildə həll edilməsi tapşırılıb. Bu yanaşma yarışın beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm zəmin yaradır.

Hazırda turnirin keçiriləcəyi şəhərlərin tam siyahısı açıqlanmayıb. Bununla belə, yarışların yalnız Bakı ilə məhdudlaşmayacağı, region şəhərlərinin də ev sahibi olacağı gözlənilir. Bu isə futbolun paytaxtdan kənarda daha geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Dünya çempionatı ilə yanaşı futbol festivalı da keçiriləcək

Layihənin fərqləndirici cəhətlərindən biri də dünya çempionatı ilə paralel şəkildə keçiriləcək futbol festivalıdır. Festival yarışların sadəcə əlavəsi deyil, onların sosial və mədəni istiqamətini tamamlayan proqram olacaq.

Festival çərçivəsində müxtəlif ölkələrdən gələn uşaqların birgə məşqləri, futbol bacarıqları üzrə əyləncəli tədbirlər, mədəni proqramlar, dostluq görüşləri, eləcə də maarifləndirici və sosial layihələr təşkil ediləcək. Beləliklə, on gün ərzində Azərbaycan həm idman yarışına, həm də uşaqları və yeniyetmələri bir araya gətirən beynəlxalq futbol bayramına ev sahibliyi edəcək.

Ən böyük maraq isə, şübhəsiz ki, dünya çempionatının oyunlarına yönələcək. Azarkeşlər gələcəyin futbol ulduzları hesab olunan gənc istedadları canlı izləmək imkanı əldə edəcəklər. Bu cür yarışlar uşaqlar və yeniyetmələr arasında futbola marağın daha da artmasına, yeni nəslin bu idman növünə cəlb olunmasına və ölkədə futbolun inkişafına mühüm töhfə verəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni