U-17 dünya çempionatı: Azərbaycan ilk medalı qazandı, iki güləşçi finala yüksəldi

Bakıda keçirilən U-17 dünya güləş çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə millisi növbəti yarış gününü uğurlu nəticələrlə başa vurub. Milli Gimnastika Arenasında davam edən mundialda yığmamız ilk medalını qazanıb, iki idmançı finala yüksəlib, daha bir güləşçi isə bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib. Turnirdə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir, Azərbaycan isə 29 idmançı ilə təmsil olunur.

Azərbaycan millisinin heyətində uğurlu çıxışlar

48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeyə 7:1 hesabı ilə qalib gələrək Azərbaycanın bu dünya çempionatındakı ilk medalını qazanıb.

45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı isə finala yüksələn ilk Azərbaycan güləşçilərindən olub. Təmsilçimizin yarımfinaldakı rəqibi, iranlı Esmayili Armin Amin görüşə çıxmadığından Cavadlı həlledici mərhələyə vəsiqə əldə edib. O, finala qədər Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu və Gürcüstan güləşçisi Luka Bolkvadzeni hər iki görüşdə 9:0 hesabı ilə məğlub edib.

51 kq çəki dərəcəsində yarışan Abdurrahman Hüseynli də inamlı çıxışı ilə diqqət çəkib. O, yarımfinalda gürcüstanlı Saba Abaşidzeyə 9:3 hesabı ilə qalib gələrək qızıl medal uğrunda finala yüksəlib. Hüseynli bundan əvvəl Qazaxıstan təmsilçisi Kuanişbek Janqajolu və Əlcəzairdən Lyes Bumazanı 9:0, Ermənistan güləşçisi Gevorq Harutyunyanı isə 6:4 hesabı ilə üstələyib.

Çərkəzov medal şansını qorudu, Həsənov mübarizəni dayandırdı

60 kq çəki dərəcəsində çıxış edən Elmir Çərkəzov yarımfinala qədər uğurla irəliləyib. O, Belarus idmançısı Roman Şarkovu 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlsə də, finalın bir addımlığında iranlı Amirreza Saeid Tahmasbpourmarzouniyə gərgin keçən qarşılaşmada 4:5 hesabı ilə uduzub. Azərbaycanlı güləşçi sabah bürünc medal uğrunda xalçaya çıxacaq.

71 kq çəki dərəcəsində mübarizə aparan Nadir Həsənov isə təsnifat mərhələsində Tacikistan təmsilçisi Mahdi Azizboyevi 10:1 hesabı ilə məğlub etsə də, 1/8 finalda ukraynalı Roman İvanikə 0:9 hesabı ilə uduzaraq yarışla vidalaşıb.

Beləliklə, Azərbaycan yığması ikinci yarış gününü bir bürünc medalla başa vurub. Sabah isə Əli Cavadlı və Abdurrahman Hüseynli qızıl medal, Elmir Çərkəzov isə bürünc medal uğrunda həlledici görüşlərə çıxacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni