Bakıdakı dünya çempionatında Azərbaycanı kimlər təmsil edəcək? Heyətlə bağlı əsas gözləntilər

2026-cı ilin cüdo təqvimində ən mühüm yarış Bakıda keçiriləcək böyüklər arasında dünya çempionatı olacaq. Oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil ediləcək mundial həm Azərbaycan cüdosu, həm də azarkeşlər üçün ilin əsas idman hadisələrindən sayılır. Milli komanda uzun müddətdir ev sahibliyi edəcəyimiz turnirə məqsədyönlü şəkildə hazırlaşır və hazırda hazırlığın həlledici mərhələsini keçir. Bununla belə, yığmanın yekun heyətinin sentyabr ayında müəyyənləşdirilməsi planlaşdırılır.

Dünya çempionatı ilə bağlı təşkilati işlər də sürətlə davam edir. Yarışın rəsmi loqosu artıq təqdim olunub, kommunikasiya kampaniyasına start verilib, biletlər isə iyulun əvvəlindən satışdadır. Hazırkı proqnozlara görə, Bakıda 100-dən çox ölkədən 600-dən artıq, bəzi rəsmi qiymətləndirmələrə əsasən isə 700-ə yaxın cüdoçunun iştirakı gözlənilir. Yaponiya və Fransa kimi aparıcı cüdo dövlətləri artıq iştirak ərizələrini açıqlayıblar.

Hazırlıq davam edir, son söz sentyabrda deyiləcək

Azərbaycan millisinin əsas diqqəti hazırda idman nəticələrinə yönəlib. Komanda mövsüm ərzində Dünya Turunun müxtəlif mərhələlərində uğurlu çıxış edərək ilin ilk yarısında 28 medal qazanıb. Bu göstəriciyə 8 qızıl, 5 gümüş və 15 bürünc medal daxildir. Lakin dünya çempionatı həm rəqabət səviyyəsi, həm də doğma azarkeşlər qarşısında keçiriləcəyi üçün tamamilə fərqli məsuliyyət tələb edir.

Baş məşqçi Rixard Trautman bütün namizədlərin hazırlıq prosesini tam şəkildə keçməsini istəyir. Son günlər Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Yaponiyada məşq edən Ömər Rəcəbli (81 kq) zədələrini sağaldaraq məşqlərə qayıdıblar. Vüsal Qələndərzadə (81 kq) isə bərpa prosesini davam etdirir. Hazırda yığmanın əsas hissəsi Qusarda fiziki hazırlıq üzərində işləyir, avqustda isə beynəlxalq təlim-məşq toplanışı nəzərdə tutulub.

Liderlərə böyük ümid var

Azərbaycan cüdoçuları üçün dünya çempionatı öncəsi son rəsmi sınaqlar avqustun sonunda Lozannada və sentyabrda Budapeştdə keçiriləcək Böyük Dəbilqə turnirləri olacaq. Məhz həmin yarışlardan sonra məşqçilər korpusu kişilərdən ibarət milli komandanın doqquz nəfərlik yekun heyətini açıqlayacaq. Seçim zamanı həm idmançıların son nəticələri, həm də hazırlıq səviyyəsi əsas meyar olacaq.

Azarkeşlərin diqqət mərkəzində isə ilk növbədə komandanın liderləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olacaq. Hər iki cüdoçu Olimpiya Oyunlarının və dünya çempionatının qalibi kimi Bakıda da favoritlər sırasında göstərilir. Mövsüm ərzində medal qazansalar da, əsas hədəf doğma tatamidə yenidən dünya çempionu olmaq və Azərbaycan azarkeşlərinə növbəti böyük uğuru yaşatmaqdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni