Türkiyənin “Beşiktaş” klubu misirli ulduz Mohamed Salahın transferi ilə bağlı danışıqları hələlik dayandırıb. Klubun futbol direktoru Öndər Özen bildirib ki, tərəflər arasında aparılan danışıqlar maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün çıxılmaz vəziyyətə düşüb.
Özenin sözlərinə görə, “Beşiktaş” Salah və onun nümayəndələri ilə bir neçə dəfə görüş keçirib. İlk mərhələdə danışıqlar müsbət istiqamətdə davam etsə də, 21 iyuldan sonra maliyyə tələblərinin artması prosesi çətinləşdirib.
“Salah dünya ulduzudur. Maliyyə məsələləri gündəmə gəlməzdən əvvəl onunla üç dəfə görüş keçirdik. Hər şey normal gedirdi. Lakin sonradan həm informasiya axını zəiflədi, həm də maliyyə tələbləri danışıqları dalana dirədi. Düşünürəm ki, Mohamed Salahın özü bu detallardan xəbərsiz ola bilərdi”, – deyə Öndər Özen bildirib.
Klub yeni təklif verməyəcək
“Beşiktaş” rəsmisi qeyd edib ki, klub prezidenti Serdal Adalı vəziyyəti qiymətləndirərək danışıqları dayandırmaq qərarı verib. Onun sözlərinə görə, klub maliyyə siyasətindən kənara çıxmaq niyyətində deyil.
“Prezidentimiz populist deyil, real qərar qəbul etdi. Hazırda danışıqlardan çəkilmişik. Bizim təqdim etdiyimiz təklif qüvvədə qalır, lakin bundan sonra əlavə təklif olmayacaq. Əgər həmin təklifə müsbət cavab gəlsə, transfer yenidən müzakirə oluna bilər”, – deyə futbol direktoru vurğulayıb.
Məlumata görə, Salah tərəfi digər klublarla da danışıqlar apardığını “Beşiktaş”a bildirib. Məhz buna görə İstanbul təmsilçisi transfer məsələsini hələlik gündəmdən çıxarıb və diqqətini digər variantlara yönəldib.
Hazırda azad agent statusunda olan Mohamed Salah ötən mövsüm “Liverpul”un heyətində 41 oyunda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Misirli hücumçunun gələcək karyerasını hansı klubda davam etdirəcəyi isə yaxın həftələrdə dəqiqləşə bilər.




