Türkiyədə futbolu sarsıdan qanunsuz mərc qalmaqalı yeni mərhələyə qədəm qoyub. İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma çərçivəsində Türkiyə Futbol Federasiyasına (TFF) bağlı müxtəlif peşəkar klublarda çalışan 19 rəhbər şəxs barəsində istintaq başladılıb. Əməliyyatlar İstanbul da daxil olmaqla ölkənin 10 vilayətində eyni vaxtda həyata keçirilib.
İstintaq materiallarına əsasən, şübhəlilərin öz komandalarının və digər futbol qarşılaşmalarının nəticələrinə mərc etdiyi ehtimal olunur. Araşdırma zamanı 2020–2026-cı illəri əhatə edən qanuni mərc platformalarının məlumatları ilə yanaşı, Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hazırladığı maliyyə hesabatları da təhlil edilib. Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, idmanda şəffaflığa zərbə vuran bütün qanunsuz fəaliyyətlərə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.
Ən çox mərc edən rəsmilər açıqlanıb
İstintaq sənədlərində ən çox mərc etdiyi iddia olunan şəxsin “Beşiktaş” rəsmisi Tolqa Kırğız olduğu göstərilir. Onun ümumilikdə 1488 dəfə mərc etdiyi bildirilir.
Siyahıda növbəti yerləri aşağıdakı şəxslər tutur:
- Kerem Gürel (“Beşiktaş”) – 996 mərc
- Avni Akdemir (“Erzurumspor”) – 218 mərc
- Ünsal Yamaner (“Bandırmaspor”) – 144 mərc
- Savaş Tatil (“Adanaspor”) – 124 mərc
İstintaq çərçivəsində müəyyən edilib ki, iki şübhəli hazırda Türkiyə hüdudlarından kənardadır.
Araşdırma davam edir
Türkiyə hüquq-mühafizə orqanları bildiriblər ki, araşdırma yalnız klub rəhbərləri ilə məhdudlaşmır və əldə olunacaq yeni sübutlardan asılı olaraq istintaqın əhatə dairəsi genişlənə bilər. Son aylarda ölkədə qanunsuz mərc və oyun nəticələrinin manipulyasiyası ilə bağlı aparılan əməliyyatlar futbol ictimaiyyətində ciddi rezonans doğurub və idmanda şəffaflığın qorunması istiqamətində nəzarət tədbirləri daha da sərtləşdirilib.




