Lempartın Moneyball strategiyası: “Koventri” 25 ildən sonra Premyer Liqaya necə qayıdır?

2025/26 mövsümü “Koventri” azarkeşləri üçün uzun illər gözlənilən arzunun gerçəkləşdiyi mövsüm oldu. Klub düz 25 illik fasilədən sonra yenidən İngiltərə Premyer Liqasına vəsiqə qazandı. Bu uğura gedən yol isə heç də asan olmayıb. Komanda 17 mövsüm Çempionşipdə, yeddi il Liqa 1-də, bir mövsüm isə Liqa 2-də çıxış etdikdən sonra nəhayət ölkənin elit futboluna geri döndü.

“Göy-səmavilər” Premyer Liqanın 1992-ci ildə yaradılmasından etibarən burada mübarizə aparsa da, 2001-ci ildə aşağı liqaya yuvarlanmışdı. Həmin mövsümdə komandanın heyətində Maqnus Hedman, Mustafa Haci və gənc Kreyq Bellami kimi tanınmış futbolçular olsa da, elitadakı yerini qorumaq mümkün olmamışdı.

Böyük xərclər yox, ağıllı transferlər

Bu dəfə Premyer Liqaya qayıdan “Koventri” fərqli strategiya seçib. Klub rəhbərliyi son illərdə elitaya yüksəldikdən sonra yüz milyonlarla avro xərcləyən “Nottingem Forest”, “Sanderlend”, “Bernli” və “Lids” kimi komandaların yolunu izləmək niyyətində deyil. Rəhbərlik hesab edir ki, böyük büdcə uğurun yeganə açarı deyil.

2024-cü ilin noyabrından komandaya rəhbərlik edən Frenk Lempart və idman direktoru Din Ostin transfer bazarında daha ölçülü siyasət yürüdürlər. İndiyədək İsveçrə millisinin müdafiəçisi Orel Amenda “Ayntraxt”dan 18 milyon avroya transfer olunub, Frank Onyeka “Brentford”dan 7 milyon avroya heyətə qatılıb, Lum Çauna isə “Bernli”dən alınaraq komandaya əlavə edilib.

Mətbuatda Lempartın daha əvvəl çalışdığı futbolçular – “Milan”ın müdafiəçisi Fikayo Tomori və yarımmüdafiəçisi Ruben Loftus-Çikin də “Koventri”nin maraq dairəsində olduğu bildirilir. Lakin bu keçidlər hələlik yalnız danışıqlar mərhələsindədir.

“Brentford” modeli nümunə seçilib

Klub rəhbərliyi inkişaf strategiyasında ən uğurlu nümunə kimi “Brentford”u göstərir. İdarə Heyətinin sədri Duq Kinq hesab edir ki, əsas məqsəd baha transferlər etmək deyil, gələcəkdə dəyəri artacaq futbolçulara investisiya qoymaqdır. Bu yanaşma məşhur “Moneyball” modelini xatırladır.

Hazırda “Koventri”nin transfer siyasəti də məhz bu prinsiplərə əsaslanır. Klub futbolçuların gələcək satış potensialını nəzərə alaraq bazarda hərəkət edir və maliyyə risklərini minimum səviyyədə saxlamağa çalışır.

Bununla yanaşı, komanda qapıçı Karl Raşvortu birdəfəlik transfer etmək istəsə də, “Brayton” 23,5 milyon avroluq təklifi qəbul etməyib. İngilis klubunun oyunçu üçün 35-40 milyon avro tələb etdiyi bildirilir.

Klubun inkişafına uzunmüddətli baxış

“Koventri” yalnız əsas komandanı gücləndirməklə kifayətlənmir. Klub son illərdə biznes və kommersiya istiqamətində də ciddi addımlar atıb. Rəhbərlik Premyer Liqa səviyyəsində davamlı inkişaf modeli qurmağa çalışır.

Bu məqsədlə ötən il biznesin inkişafı üzrə direktor vəzifəsinə daha əvvəl PSJ, “Çelsi”, “Mançester Yunayted” və “Aston Villa”da çalışmış Nikola İbbetson gətirilib. Onun rəhbərliyi altında klub yeni ikimərtəbəli rəsmi mağazasını istifadəyə verib və bunu Premyer Liqanın ən müasir fan-mağazalarından biri hesab edir.

“Koventri” artıq Frenk Lempartla uzunmüddətli müqaviləni uzadıb və rekord transfer olan Orel Amenda ilə ambisiyalarını nümayiş etdirib. Klub hesab edir ki, düzgün idarəetmə, ağıllı transfer siyasəti və davamlı inkişaf sayəsində Premyer Liqada uzunmüddətli mövqe tutmaq mümkündür. “Göy-səmavilər” bununla sübut etmək istəyirlər ki, uğur qazanmaq üçün hər zaman yüz milyonlarla avro xərcləmək vacib deyil.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni