Formula 1 rəhbərliyi mövsümün sonuna planlaşdırılan iki Qran-prinin keçirilməsi ilə bağlı vəziyyəti yaxından izləyir. Yaxın Şərqdə davam edən təhlükəsizlik riskləri səbəbindən Qətər və Əbu-Dabi mərhələlərinin taleyi yenidən gündəmə gəlib. Seriya rəhbərliyi bildirib ki, zərurət yaranacağı halda təqvimdə dəyişiklik ediləcək və mövsüm Avropadakı traslarda başa çatdırıla bilər.
Hazırkı təqvimə əsasən, Qətər və Əbu-Dabi Qran-priləri hələ də qüvvədə qalır. Lakin Formula 1-in prezidenti Stefano Domenikali bildirib ki, sentyabr ayına qədər vəziyyət qiymətləndiriləcək və yekun qərar həmin vaxt veriləcək. Onun sözlərinə görə, əgər yarışların keçirilməsi mümkün olmasa, onları Avropada təşkil olunacaq alternativ mərhələlər əvəz edəcək.
Yekun qərar sentyabrda veriləcək
Stefano Domenikali məsələ ilə bağlı danışarkən bildirib:
“Qərar qəbul etmək üçün sentyabr ayına qədər vaxtımız var. Hazırda Qətər və Əbu-Dabi yarışları təqvimdə qalır. Lakin onları keçirmək mümkün olmasa, əvəzində Avropada Qran-prilər təşkil olunacaq. Hazırda başqa variant nəzərdən keçirilmir”.
Hazırda hansı Avropa traslarının ehtiyat variant kimi seçilə biləcəyi açıqlanmayıb. Formula 1 rəhbərliyi bu barədə danışmağın hələ tez olduğunu vurğulayıb.
Bundan əvvəl Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri təxirə salınmışdı. Bəhreyn mərhələsinin oktyabr ayında Malayziyada keçirilməsi planlaşdırılır. Mövsümün son hissəsi ilə bağlı yekun qərarın isə təhlükəsizlik vəziyyəti və logistika imkanları nəzərə alınmaqla veriləcəyi gözlənilir.




