Fernando Alonso yenidən “Alpine”ə qayıda bilər

İkiqat Formula 1 dünya çempionu Fernando Alonsonun 2027-ci il mövsümündən etibarən yenidən “Alpine” komandasında çıxış edə biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Məlumata görə, Fransa təmsilçisi ispan pilotu geri qaytarmaq üçün danışıqları intensivləşdirib.

Xarici mətbuatda yayılan xəbərlərə əsasən, tərəflər arasında ilkin təmaslar artıq aktiv mərhələyə keçib. Bildirilir ki, komandanın yeni titul sponsoru olacaq Gucci ilə əməkdaşlıq sayəsində “Alpine” Alonsoya maliyyə baxımından cəlbedici müqavilə təklif etməyə hazırlaşır. Hazırda nə komanda, nə də pilot bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.

Briatore heyətdə dəyişiklik planlaşdırır

İddialara görə, “Alpine”in icraçı müşaviri Flavio Briatore komandanın gələcək heyətini yenidən formalaşdırmağı planlaşdırır. Məhz bu səbəbdən gənc pilot Franko Kolapintoya yeni komanda axtarmağın tövsiyə edildiyi bildirilir. Mənbələrin iddiasına əsasən, Alonsonun transferi baş tutacağı halda, məhz argentinalı sürücü heyətdən ayrılan tərəf olacaq.

Fernando Alonso Formula 1 karyerasında “Renault” və daha sonra “Alpine” adı altında çıxış edən kollektivlə uzun illər əməkdaşlıq edib. O, 2003–2006 və 2008–2009-cu illərdə “Renault”un, 2021–2022-ci illərdə isə “Alpine”in şərəfini qoruyub. İspan pilot hazırda “Aston Martin” komandasının heyətində yarışır və Formula 1-in ən təcrübəli sürücülərindən biri hesab olunur.

Alonsonun mümkün dönüşü ilə bağlı xəbərlər hələlik rəsmi təsdiqini tapmasa da, bu transfer baş tutacağı təqdirdə 2027-ci il mövsümünün ən səs-küylü dəyişikliklərindən biri ola bilər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni