Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi bu ay Ekvadorda keçiriləcək dünya çempionatında qüvvəsini sınayacaq. Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqviminə daxil olan nüfuzlu yarış avqustun 20–23-də Quayakil şəhərində təşkil olunacaq və dünyanın ən güclü gənc cüdoçularını bir araya gətirəcək.
Azərbaycan yığması mundialda 9 çəki dərəcəsi üzrə ümumilikdə 14 idmançı ilə təmsil olunacaq. Heyətdə 10 oğlan və 4 qız cüdoçu yer alıb. Komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.
Azərbaycanın heyəti açıqlanıb
Qızlar:
- 40 kq – Sunay Salamova, Zəhra Quliyeva
- 44 kq – Pərvin Sevxanlı
- 48 kq – Könül Eyvazlı
Oğlanlar:
- 50 kq – Fərid Rzazadə
- 55 kq – Fərid Xudiyev, İbrahim Talıbov
- 66 kq – İlkin Qarayev
- 73 kq – Yusuf Nəzər, Sadiq Məmmədov
- 81 kq – Ayxan Həsənli, Yaqub Məmmədov
- 90 kq – Ömər Axundov, Nurəddin Əliyev
Yarışa maraq kifayət qədər böyükdür. Dünya çempionatında 61 ölkədən ümumilikdə 459 idmançı iştirak edəcək. Onlardan 242-si oğlan, 217-si isə qız cüdoçudur. Bu göstərici turnirin yeniyetmələr arasında ilin ən nüfuzlu yarışlarından biri olduğunu bir daha təsdiqləyir.
Azərbaycan cüdo məktəbi son illərdə gənc yaş qruplarında mühüm nəticələr əldə edib və milli komanda Quayakildə də uğurlu çıxış edərək medal sıralamasında yer almağı hədəfləyir.




