Fernando Alonso ilə Aston Martin arasında yeni müqavilə ilə bağlı danışıqlar davam edir. İspaniyalı pilot komandada qalmağa hazır olsa da, yeni anlaşma üçün maliyyə şərtlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını istəyir.
Məlumata görə, ikiqat dünya çempionu müqaviləsinin 2028-ci ilin sonunadək uzadılmasını və mövsümə görə rekord səviyyədə maaş almasını tələb edir. Bu iddia hələlik tərəflər tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Hazırda yayılan məlumata əsasən, Alonso yeni müqavilə çərçivəsində illik 40 milyon avro maaş almağı hədəfləyir. Bu isə onun hazırkı təxminən 30 milyon avroluq qazancından xeyli yüksəkdir. Bildirilir ki, pilotun məqsədi Formula 1-in ən yüksək maaş alan sürücüləri sırasına daxil olmaqdır.
Danışıqların nəticəsi yay fasiləsindən sonra bəlli ola bilər
Mövcud vəziyyətdə Formula 1-də mövsüm ərzində 40 milyon avrodan çox qazanan pilotların sırasında Maks Ferstappen, Lyuis Həmilton və Şarl Lekler yer alır. Əgər Aston Martin Alonsonun tələblərini qəbul etsə, ispaniyalı veteran da bu elit siyahıya qoşulacaq.
Bununla yanaşı, Fernando Alonso son açıqlamalarında gələcəyi ilə bağlı yekun qərarı yay fasiləsindən sonra verəcəyini bildirib. Aston Martin rəhbərliyi də 44 yaşlı pilotu komandada saxlamaq istədiyini gizlətmir və onun sürətini, təcrübəsini komanda üçün vacib amil hesab edir.
İspaniyalı sürücünün hazırkı müqaviləsi 2026-cı ilin sonunda başa çatır. Tərəflər yeni razılığa gələ bilsələr, Alonso ən azı daha iki mövsüm Aston Martin-in heyətində çıxış edəcək və Formula 1 tarixinin ən yüksək maaş alan pilotlarından birinə çevriləcək.





