“Williams” Formula 1 komandası Karlos Saynsla əməkdaşlığı 2026-cı il mövsümündən sonra da davam etdirmək niyyətindədir. İspaniyalı pilotun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır və onun gələcəyi yay fasiləsində transfer bazarının əsas mövzularından birinə çevrilib.
Məlumata görə, “Williams” Saynsı komandada saxlamaq üçün ona illik təxminən 30 milyon avro maaş nəzərdə tutan yeni müqavilə təklif edib. Bununla belə, 31 yaşlı sürücü hələ gələcəyi ilə bağlı yekun qərarını verməyib.
Sayns 2025-ci ildə “Ferrari”dən ayrıldıqdan sonra “Williams”a qoşulub. İlk mövsümündə Bakı və Qətərdə podiuma yüksələn ispaniyalı 2026-cı ildə isə komandanın yeni texniki reqlamentə keçid zamanı üzləşdiyi problemlər fonunda daha çətin mövsüm keçirir.
Serxio Peres “Williams”ın alternativ variantıdır
Saynsın qərarını gözləyən “Williams” eyni zamanda mümkün alternativləri də nəzərdən keçirir. Son məlumatlara görə, Serxio Peresin menecmenti 2027-ci ildə komandaya mümkün keçidlə bağlı “Williams” nümayəndələri ilə danışıqlar aparır. Bu variant Saynsın Qrouv təmsilçisindən ayrılacağı halda aktuallaşa bilər.
İspaniyalı pilot daha əvvəl gələcəyi ilə bağlı qərarın komandanın nə qədər sürətlə yenidən rəqabətədavamlı vəziyyətə qayıtmasından asılı olacağını bildirmişdi. Sayns həmçinin müqavilə məsələsini yay fasiləsinə qədər arxa plana keçirmək istədiyini açıqlamışdı.
“Williams” rəhbərliyi isə FW48 bolidinin problemlərini aradan qaldırmaq üçün mövsümün ikinci yarısında yeniliklər tətbiq etməyi planlaşdırır. Komandanın inkişaf tempi Saynsın 2027-ci il üçün verəcəyi qərarda əsas amillərdən biri ola bilər.



