“Red Bull” komandasının pilotu Maks Ferstappen doğma azarkeşləri önündə keçiriləcək Niderland Qran-prisi öncəsi fikirlərini bölüşüb. Dördqat dünya çempionu bildirib ki, Zandvort trasında yarışmaq onun üçün xüsusi məna daşısa da, bu amil motivasiyasını dəyişmir.
Niderlandlı sürücü vurğulayıb ki, hər yarışa eyni məsuliyyətlə yanaşır və əlavə motivasiyaya ehtiyac duymur: “Məndə heç vaxt əlavə motivasiya olmur. Əks halda, bu, digər yarışlarda kifayət qədər motivasiyalı olmadığım anlamına gələrdi. Mən hər zaman işimi yaxşı görmək istəyirəm. Burada sürməyi sevirəm. İllər ərzində inanılmaz dəstək və yaxşı nəticələr əldə etmişəm. Sadəcə həftəsonunu səbirsizliklə gözləyir və bundan həzz almaq istəyirəm”, – deyə Ferstappen bildirib.
Zandvort “Formula-1”lə vidalaşmağa hazırlaşır
2021-ci ildə Zandvort trası yenidən “Formula-1” təqviminə daxil olduqdan sonra keçirilən ilk üç Niderland Qran-prisini məhz Maks Ferstappen qazanıb. O, 2024 və 2025-ci illərdə isə finiş xəttini ikinci sırada keçərək bu trasda yüksək sabitlik nümayiş etdirib. Hazırda onun Zandvortdakı orta finiş göstəricisi 1,4 təşkil edir.
2026-cı il Niderland Qran-prisi yaxın perspektivdə Zandvortda keçiriləcək son “Formula-1” yarışı olacaq. Avqustun 21-23-də təşkil olunacaq yarış həftəsonunda ilk dəfə Sprint formatı da tətbiq ediləcək.
Ferstappen trasın təqvimdən çıxarılmasının onun bu məkana bağlılığını dəyişməyəcəyini də vurğulayıb: “Tras yenə də yerində qalacaq. Mən orada sürmək istəsəm, bunu edə bilərəm. Bəlkə artıq “Formula-1” çərçivəsində olmayacaq, amma mən “Formula-1”dən sonra da ora gələcəyəm”, – deyə dünya çempionu əlavə edib.
Niderland Qran-prisinin əsas yarışı avqustun 23-də keçiriləcək və Zandvortun “Formula-1” tarixində son səhifələrindən biri olacaq.



