“Barselona”nın illər əvvəl argentinalı hücumçu Xulian Alvaresi olduqca münasib qiymətə transfer etmək imkanı olduğu üzə çıxıb. Tanınmış futbol agenti və skaut Xosep Mariya Mingelya katalon klubuna hələ Alvarez “River Pleyt”də çıxış edərkən onun transferini təklif etdiyini bildirib.
Mingelyanın sözlərinə görə, həmin vaxt argentinalının müqaviləsində 20 milyon avroluq transfer məbləği var idi və ödənişi bir neçə il ərzində həyata keçirmək imkanı da mövcud idi. Lakin “Barselona” bu variantdan istifadə etməyib.
“Xulian Alvaresi ‘Barsa’ya 20 milyon avroya təklif etmişdim. Onlar isə bundan imtina etdilər və əvəzində Ferran Torres üçün 60 milyon avro ödədilər”, – Mingelya bildirib.
İndi Alvarez üçün 100 milyon avro da kifayət etmir
“Barselona” 2021-ci ilin sonunda Ferran Torresi “Mançester Siti”dən transfer etmişdi. Kataloniya klubunun açıqladığı rəsmi məbləğ 55 milyon avro və mümkün bonuslar idi. Torres isə 2026-cı ilin yayında PSJ-yə keçib. Paris klubu onun üçün təxminən 50 milyon avro ödəyib.
Alvarezin karyerası isə tamamilə fərqli istiqamətdə inkişaf edib. “River Pleyt”dən “Mançester Siti”yə keçən hücumçu İngiltərədə Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla böyük titullar qazanıb. Daha sonra “Atletiko Madrid” onu 2024-cü ildə 75 milyon avro ilkin ödəniş və mümkün bonuslar qarşılığında heyətinə qatıb.
İndi “Barselona” vaxtilə 20 milyon avroya əldə edə biləcəyi futbolçunu transfer etmək üçün qat-qat böyük məbləğlə üzləşib. Kataloniyalılar 2026-cı ilin yayında Alvarezi əsas hücumçu hədəflərindən birinə çeviriblər. May ayında 70 milyon avro və Ferran Torresin daxil olduğu təklifin “Atletiko” tərəfindən rədd edildiyi bildirilmişdi.
Daha sonra “Barselona”nın danışıqlarda 100 milyon avroya qədər zəmanətli ödənişi nəzərdən keçirdiyi, əlavə bonuslar və futbolçu daxil etməklə təklifi gücləndirə biləcəyi məlum olub. Madrid klubu isə La Liqadakı birbaşa rəqibinə əsas ulduzunu satmağa isti yanaşmır.





