“Barselona” Joao Kanselunu heyətinə qatdı: müqavilə 2029-cu ilədəkdir

“Barselona” Portuqaliya millisinin müdafiəçisi Joao Kanselunun transferini rəsmiləşdirib. Kataloniya klubu 32 yaşlı futbolçu ilə 30 iyun 2029-cu ilədək nəzərdə tutulan üçillik müqavilə imzalayıb.

Kanselu “Əl-Hilal”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdikdən sonra azad agent statusu alıb. Beləliklə, “Barselona” futbolçunun keçidi üçün transfer haqqı ödəməyib. Bu, portuqaliyalının Kataloniya klubundakı üçüncü dönəmi olacaq.

Kanselu “Barselona”ya üçüncü dəfə qayıtdı

Müdafiəçi ilk dəfə 2023/2024 mövsümündə “Mançester Siti”dən icarə əsasında “Barselona”ya qoşulmuşdu. Həmin mövsümdə bütün turnirlərdə 42 matça çıxan Kanselu 4 qol vurmuş və 5 məhsuldar ötürmə etmişdi.

Daha sonra “Əl-Hilal”a transfer olunan futbolçu 2026-cı ilin yanvarında yenidən icarə əsasında Kataloniya klubuna qayıtdı. İkinci dönəmində isə 23 qarşılaşmada 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldı. Beləliklə, əvvəlki iki dönəmində “Barselona” forması ilə ümumilikdə 65 oyunda 6 qol və 9 assistlik nəticə göstərdi.

Kanselu karyerası ərzində “Benfika”, “Valensiya”, “İnter”, “Yuventus”, “Mançester Siti”, “Bavariya” və “Əl-Hilal” kimi klublarda da forma geyinib. Həm sağ, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edə bilməsi onun əsas üstünlüklərindən hesab olunur.

Portuqaliyalı futbolçu daha əvvəl “Barselona”ya qayıtmaq istəyini açıq şəkildə ifadə etmişdi. Yanvarda klubdakı ikinci dönəminə başlayarkən o, “Bu klubu təmsil etmək şərəfdir” deyərək Kataloniya təmsilçisinə xüsusi münasibətini vurğulamışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni