UEFA ilə FIFA prezidenti Canni İnfantino arasında yaranmış gərginlik səngimir. Avropa futbol qurumunun FIFA turnirlərinin boykot edilməsi planından geri çəkilməyə hazır olduğu bildirilir, lakin İnfantinoya qarşı institusional təzyiqin davam etdirilməsi nəzərdə tutulur.
Bu səbəbdən sentyabrın 5-dən 27-dək Polşada keçiriləcək 20 yaşadək qadınlar arasında dünya çempionatında Avropa yığmalarının iştirakı gözlənilir. Turnirdə Avropanı İngiltərə, İspaniya, İtaliya, Portuqaliya, Fransa və ev sahibi Polşa təmsil edəcək.
Qarşıdurmanın mərkəzində “FIFA Forward Enterprise” dayanır
UEFA ilə İnfantino arasında münasibətlərin kəskinləşməsinə “FIFA Forward Enterprise” layihəsi səbəb olub. Plan FIFA-nın kommersiya hüquqları və turnirlərinin idarəçiliyini yeni strukturda birləşdirməyi, həmin quruma özəl investorların azlıq payı ilə daxil olmasına imkan yaratmağı nəzərdə tuturdu. FIFA layihənin 4,2 milyard dollara qədər sərmayə cəlb edə biləcəyini açıqlamışdı.
UEFA və ona üzv 55 milli assosiasiya layihəyə sərt etiraz etmişdi. Mübahisələrdən sonra FIFA avqustun əvvəlində planı davam etdirməyəcəyini açıqladı. Bununla da Avropa yığmalarının FIFA yarışlarını boykot etməsi təhlükəsi xeyli azaldı.
Bununla belə, məsələ tam bağlanmayıb. UEFA daxilində FIFA-nın idarəetmə prinsipləri və İnfantinonun fəaliyyəti ilə bağlı əlavə addımlar müzakirə edilir. UEFA prezidenti Aleksander Çeferin özü FIFA prezidentliyinə namizəd olmayacağını bildirib, lakin İnfantinonun 2027-ci ildə keçiriləcək seçkidə rəqiblə üzləşəcəyini gözlədiyini deyib. Etimadsızlıq səsverməsi ehtimalının da müzakirə olunduğu bildirilir.
Gərginliyin miqyasını artıran başqa bir məqam altı Şimali Avropa futbol assosiasiyasının İnfantinoya etimadını itirdiyini açıq şəkildə bəyan etməsidir. Onlar FIFA-da idarəetmə və qərarların qəbulu ilə bağlı müstəqil araşdırma tələb ediblər.





