Cəsur İbadlı Avropa çempionatında 1/4 finala yüksəldi

Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisinin mübarizəsi davam edir. Yarışın ikinci günündə kişilər arasında 73 və 81 kq çəki dərəcələrində təmsilçilərimiz tatamiyə çıxıblar.

81 kq-da mübarizə aparan Cəsur İbadlı uğurlu çıxışını davam etdirərək 1/4 finala vəsiqə qazanıb. O, əvvəlcə ukraynalı Sergey Karakini yuko xalı ilə məğlub edib, daha sonra 1/8 finalda Gürcüstan təmsilçisi Tornike Vaxtanqadzeni də yuko hesabına üstələyib.

19 yaşlı İbadlı bu mövsüm Praqa Gənclər Avropa Kubokunda gümüş medal qazanıb. O, 2024-cü ildə yeniyetmələr arasında dünya çempionu da olub.

Yusubov və Abbasov mübarizəni dayandırdılar

73 kq çəki dərəcəsində çıxış edən Əbil Yusubovun turnirdəki mübarizəsi 1/16 finalda başa çatıb. Azərbaycan cüdoçusu fransalı Kassim Brossoya məğlub olaraq növbəti mərhələyə yüksələ bilməyib.

81 kq-da yarışan digər təmsilçimiz Mehdi Abbasov isə ilk görüşündə meydan sahibi Monteneqronun cüdoçusu Petar Payoviçi kansetsu-vaza texnikası ilə məğlub edib. Abbasov 1/8 finalda israilli Şahaf Levinə uduzaraq medal mübarizəsindən kənarda qalıb.

Beləliklə, ikinci yarış günündə Azərbaycan komandasının əsas medal ümidlərindən biri Cəsur İbadlı olaraq qalır.

Azərbaycan ilk gündə iki qızıl medal qazandı

Milli komanda Avropa çempionatına uğurlu start verib. Yarışın ilk günündə Ayxan Mirzəzadə 60 kq, Məhəmməd Musayev isə 66 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olublar.

Qadınların yarışında Nərgiz Əhmədova, Gülgəz Musayeva, Aysun Məmmədova, Aytən Verdiyeva və Xədicə Qədəşova da tatamiyə çıxıblar. Xədicə Qədəşova 57 kq çəki dərəcəsində beşinci yeri tutub.

Podqoritsadakı fərdi yarışlar sentyabrın 5-də yekunlaşacaq, sentyabrın 6-da isə qarışıq komanda yarışı keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni