“Sea Breeze”də ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək

Bakıda çimərlik polosu üzrə beynəlxalq turnir təşkil olunacaq. “Sea Breeze 2026” yarışı sentyabrın 11-dən 13-dək “Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də keçiriləcək.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Sea Breeze”dir. Yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən dörd komanda iştirak edəcək. Ümumilikdə 12 poloçu meydana çıxacaq. Komandaların heyətlərində Azərbaycanla yanaşı, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrikadan olan idmançılar yer alacaq.

Dörd komanda üç gün ərzində mübarizə aparacaq

Turnirdə Elite Polo Club Azerbaijan, St. Moritz Polo Team, Team UK və Moscow Polo Club iştirak edəcək. Azərbaycan komandasının heyətində Tərlan Qurbanəliyev, kapitan Elçin Camallı və argentinalı Adrian Laplacette çıxış edəcəklər.

Sentyabrın 11, 12 və 13-də hər gün saat 16:00-dan etibarən iki qarşılaşma keçiriləcək. İlk oyun saat 16:00-da, ikinci görüş isə 17:00-da başlayacaq. Komandaların rəqibləri oyunlardan bir gün əvvəl keçiriləcək püşkatma ilə müəyyənləşdiriləcək.

Beach Polo formatında hər matç dörd hissədən — çukkerdən ibarətdir. Bir çukker təxminən yeddi dəqiqə davam edir, fasilələrlə birlikdə qarşılaşmanın ümumi müddəti 30–40 dəqiqəyə çatır. Hava şəraiti və temperatur nəzərə alınaraq proqramda müəyyən dəyişikliklərin edilməsi mümkündür.

Final sentyabrın 13-də keçiriləcək

Turnirin həlledici qarşılaşması sentyabrın 13-də saat 16:00-da başlayacaq. Finaldan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim edilməsi mərasimi keçiriləcək.

İdman proqramı ilə yanaşı, tamaşaçılar üçün DJ çıxışları və digər əyləncə tədbirləri də nəzərdə tutulub. Yarışa giriş biletlə olacaq. Biletlərin qiyməti 50 manatdan başlayır, üç gün ərzində isə təxminən 500 tamaşaçının turniri izləyəcəyi gözlənilir.

Qarşılaşmalar “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Beynəlxalq polo auditoriyasına istiqamətlənən “Polo Line” internet kanalı da turniri işıqlandıracaq.

“Sea Breeze 2026” Azərbaycanda ilk çimərlik polosu turniri kimi təqdim olunur. Yarış ölkədə polo və atçılıq mədəniyyətinin tanıdılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın müxtəlif formatlı idman tədbirlərinə ev sahibliyi imkanlarının nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıyır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni