“Sabah” UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinə İngiltərədə başlayacaq. Azərbaycan təmsilçisi sentyabrın 10-da “Old Trafford” stadionunda “Mançester Yunayted”in qonağı olacaq.
Qarşılaşmaya bir həftə qalmasına baxmayaraq, biletlər hələ də satışdadır. Təkrar satış platformalarındakı mövcud təkliflərə əsasən, stadionun yuxarı sektorlarında yerlərin qiyməti 86 funt sterlinqdən başlayır. Bu məbləğ təxminən 192 manat təşkil edir.
Aşağı sektorlarda isə ən münasib biletlərin qiyməti 120 funt sterlinq — təxminən 268 manatdır. Matçın keçiriləcəyi tarix yaxınlaşdıqca təkrar satış bazarında qiymətlərin dəyişməsi və tələbatdan asılı olaraq yüksəlməsi mümkündür.
“Sabah” Çempionlar Liqasına “Old Trafford”da başlayacaq
“Mançester Yunayted” – “Sabah” qarşılaşması sentyabrın 10-da yerli vaxtla saat 20:00-da, Bakı vaxtı ilə 23:00-da başlayacaq. Görüş Mançesterdəki “Old Trafford” stadionunda keçiriləcək.
Bu matç “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsində ilk qarşılaşması olacaq. Azərbaycan klubu əsas mərhələyə vəsiqəni pley-offda “Hapoel Beer-Şeva”nı mübarizədən kənarlaşdıraraq qazanıb.
“Sabah”ın Liqa mərhələsindəki digər rəqibləri arasında “Slaviya” Praqa, Dortmund “Borussiya”sı, “Vikinq”, “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal” da yer alır. Komanda ümumilikdə səkkiz oyun keçirəcək — bunların dördü evdə, dördü səfərdə olacaq.
“Mançester Yunayted” üçün isə qarşılaşma 2023/24 mövsümündən sonra Çempionlar Liqasında ilk oyun olacaq.





