Mingəçevirdə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış gününə yekun vurulub. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışlarda idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan ölkə çempionatına Bakı və Mingəçevirdən 100-dən çox idmançı qatılıb. Yarış həm də qarşıdakı beynəlxalq turnirlər üçün idmançıların hazırlığının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.
İlk yarış gününün qalibləri
K1, 200 metr:
- 2008–2009-cu il təvəllüdlü oğlanlar — Əlimurad Hacızadə
- 2010–2011-ci il təvəllüdlü oğlanlar — Elmir Tarverdiyev
- 2012–2013-cü il təvəllüdlü oğlanlar — Yunus Əhmədov
- qızlar — Leyla Əli
K2, 200 metr:
- 2010–2011-ci il təvəllüdlülər — Kamal Tağıyev – Əziz Əhmədli
- 2012–2013-cü il təvəllüdlülər — Səbuhi Cəfərzadə – Soltan Mustafalı
C1, 200 metr:
- 2008–2009-cu il təvəllüdlülər — Hüseyn Səmədli
- 2010–2011-ci il təvəllüdlülər — Fəxri Sadıqlı
Akademik avarçəkmə (1x):
- 1500 metr, 2008–2009-cu il təvəllüdlülər — Azər İlyasov
- 1500 metr, 2010–2011-ci il təvəllüdlülər — Məhəmməd Həsənov
- 1000 metr, 2012–2013-cü il təvəllüdlülər — Yusif Əliyev
Çempionat beynəlxalq yarış üçün seçim xarakteri daşıyır
İlk günün qalibləri diplom və medallarla təltif olunublar. Fərqlənən avarçəkənlər qarşıdakı beynəlxalq Mingəçevir Reqatasında iştirak edəcək Azərbaycan komandasının heyətinə cəlb olunacaqlar.
Ölkə çempionatında idmançılar akademik avarçəkmə və kayakda bir və iki nəfərlik, kanoedə isə bir nəfərlik qayıqlarda yarışırlar. Turnirin yeniliklərindən biri kayak üzrə qarışıq cütlüklərin yarışının Azərbaycan çempionatının proqramına ilk dəfə daxil edilməsidir.
Azərbaycan çempionatına sentyabrın 2-də keçiriləcək yarışlarla yekun vurulacaq.





