Almaniyalı tennisçi Aleksandr Zverev US Open 2026-da kişilərin fərdi yarışının qalibi olub. Turnirin bir nömrəli seriyalı raketka ustası finalda amerikalı Ben Şeltonu dörd setdə məğlub edərək karyerasında ilk dəfə Nyu-Yorkda çempionluq yaşayıb.
Artur Eş stadionunda keçirilən həlledici qarşılaşmada Zverev ilk iki seti qazanıb. Şelton üçüncü setdə mübarizəyə qayıtsa da, almaniyalı tennisçi dördüncü hissədə üstünlüyünü bərpa edərək titula sahib çıxıb.
Zverev 2026-cı ildə ikinci “Böyük Dəbilqə” titulunu qazandı
Bu, Zverevin karyerasında ikinci “Böyük Dəbilqə” çempionluğudur. 29 yaşlı tennisçi hər iki titulunu məhz 2026-cı ildə əldə edib. O, iyunda “Rolan Qarros”un finalında Flavio Kobollini beş setdə məğlub edərək ilk “major” tituluna sahib çıxmışdı.
Almaniyalı üçün Nyu-Yorkdakı uğurun xüsusi əhəmiyyəti var. Zverev 2020-ci ildə də US Open finalına yüksəlmiş, Dominik Timə qarşı ilk iki seti qazansa da, yekunda beş setlik qarşılaşmada məğlub olmuşdu. Altı il sonra o, eyni turnirin finalında qalib gələrək ilk US Open kubokunu qazanıb.
Zverev 2026-cı ildə “Böyük Dəbilqə” turnirlərində 25 qələbə qazanıb və cəmi iki dəfə məğlub olub. O, “Rolan Qarros” və US Open-da çempionluqla yanaşı, Uimbldonda finala qədər irəliləyib.
Şelton amerikalıların uzun sürən həsrətinə son qoya bilmədi
Ben Şelton karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin finalında çıxış edib. 23 yaşlı amerikalı US Open boyunca diqqətçəkən nəticələr göstərib. O, 1/4 finalda son çempion Karlos Alkarası beş setlik dramatik görüşdə mübarizədən kənarlaşdırıb, yarımfinalda isə Frensis Tiafonu məğlub edib.
Finalda isə Şelton Zverev qarşısında üçüncü seti qazansa da, matçın gedişini tam dəyişə bilməyib. Bununla tərəflər arasında keçirilən altıncı görüş də almaniyalı tennisçinin qələbəsi ilə yekunlaşıb.
ABŞ kişilər tennisində “Böyük Dəbilqə” həsrəti isə davam edir. Sonuncu dəfə amerikalı tennisçi 2003-cü ildə belə turnirdə çempion olub. Həmin vaxt Endi Roddik US Open finalında Xuan Karlos Ferreronu məğlub edərək kuboku başı üzərinə qaldırmışdı.
US Open 2026, final
- Aleksandr Zverev – Ben Şelton – 6:3, 7:6 (7:2), 5:7, 6:2





